Xəbərlər

Nəsimi Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Heydər Əliyev zamanın fövqündə” adlı tədbir keçirilib

Nəsimi Rayon Ağsaqqallar Şurasının,  Rayon İcra Hakimiyyətinin və YAP Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Ümummilli Lider Heydər Əliyevin  anım gününə həsr olunmuş “Heydər Əliyev zamanın fövqündə” adlı tədbir keçirilib.

Tədbirdə Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, tibb elmləri doktoru,  professor Vaqif Şadlinski, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, eləcə də Nəsimi Rayon İcra Hakimiyyətinin və YAP Nəsimi rayon təşkilatının məsul əməkdaşları, ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, qeyri-hökumət təşkilatlarının rəhbərləri, gənclər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinski öz çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsini yaşatmaq yalnız ona ehtiram göstərmək deyil, həm də onun ideallarına sadiq qalmaqdır. Bu gün Azərbaycanda əsası qoyulan inkişafın, tərəqqinin, beynalxalq nüfuzumuzun sağlam təməllərində məhz dahi şəxsiyyətin müdrik fikirləri dayanır.  Natiq, həmçinin, vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə – müstəqillik illərində Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edib. Bununla yanaşı, Ümummilli Liderin rəhbərliyi dövründə azərbaycançılıq şüurunun inkişafı, yerli kadrların yetişdirilməsi, o cümlədən milli ruhun yüksəldilməsi istiqamətində həyata keçirilmiş bir çox tədbirlər sonrakı dövrdə xalqımızın və dövlətimizin tərəqqisində üçün çox ciddi rol oynayıb. Vaqif Şadlinski, həmçinin, Ulu Öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi yüksək diqqət və qayğıdan da söz açıb. Vurğulayıb ki, dahi şəxsiyyət ağsaqqalları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırırdı. Bu gün də Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prüezidentimiz cənab İlham Əliyev ağsaqqallara böyük hörmət və diqqətlə yanaşır.

Sonra çıxış edən tarix elmləri doktoru, professor Dilarə Seyidzadə xalqımızın Ümummilli Lideri Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Ulu Öndərin nümunəvi həyatının, zəngin irsinin  öyrənilməsinin, tədqiq edilməsinin və gələcək nəsillərə ötürülməsnin vacibliyini vurğulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev XX əsrin 70-ci illərində Azərbaycanda milli şüurun oyanmasına, dilimizin inkişafına, dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə hərtərəfli şərait yaratmışdı. O dövrdə ali təhsil ocaqlarında ədəbiyyatımızla, tariximizlə bağlı diskusiyaların aparılması, gənclərin xaricə təhsil almaları üçün göndərilməsi, ixtisaslı kadrların yetişməsi, Azərbaycan tarixinin bütün ali təhsil ocaqlarında tədris proqramına daxil edilməsi Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyinin bariz nümunəsidir.

Çıxışlardan sonra Ulu Öndərə həsr olunmuş “Heydər Əliyev – xilaskar ömrü” adlı film nümayiş olunub.

Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının xalq artistləri Nurəddin Mehdixanlı və Məleykə Əsədova ədəbi-bədii qiraətlə, incəsənət xadimlərindən xalq artisti Gülyanaq Məmmədova və əməkdar artist Aybəniz Həşimova isə musiqi ifaları ilə çıxış ediblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.