Xəbərlər

Nəsimi Rayon Ağsaqqallar Şurasının geniş tərkibdə hesabat konfransı keçirilib.

Oktyabr ayının 13-də Nəsimi Rayon Ağsaqqallar Şurasının geniş tərkibdə hesabat  konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Bakı şəhəri rayonlarının Ağsaqqallar Şuralarının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, o cümlədən ağsaqqallar, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar tərəfindən Nəsimi Rayon İcra Hakimiyyətinin foyesində Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.

Konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski açaraq konfrans iştirakçılarını salamlayıb və rayon təşkilatının hesabatını diqqətə çatdırıb. O, öz çıxışında ölkəmizin dünya siyasi arenasında nüfuzlu söz sahibi və etibarlı iqtisadi tərəfdaş olmasının, fenomenal inkişaf tempi ilə nümunəvi bir ölkəyə çevrilməsinin Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu siyasət, müdrik liderlik xüsusiyyətləri ilə bağlı olduğunu qeyd edib. Respublikamızın bu inkişaf prosesində ağsaqqalların da yaxından iştirak etdiyini vurğulayaraq, sədrlik etdiyi Nəsimi Rayon Ağsaqqallar Şurasının hesabat dövrü ərzində gördüyü işlərdən ətrafli bəhs edib. Bildirib ki, qurum Nəsimi rayonunda bir sıra təhsil və səhiyyə müəssisələrində, idarələrdə özək təşkilatlar yaradaraq fəaliyətini daha da genişləndirib və ağsaqqallarımız gələcəkdə də ölkəmizdə gedən genişmiqyaslı işlərdə, həmçinin gənclərimizin maarifləndirilməsində və onlara mənəvi-əxlaqi dəyərlərin aşılanmasında üzərlərinə düşən öhdəlikləri daha fəal yerinə yetirməyə çalışacaqlar.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev təqdim olunan hesabatı qənaətbəxş hesab edərək, rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb. O, 2023-cü ili hər birimiz üçün əlamətdar il hesab edərək Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti, müdrik siyasəti və rəşadətli Ordumuzun qüdrəti ilə 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən, son günlərdə həyata keçirilən uğurlu antiterror tədbirlərindən bəhs edib, erməni işğalçılarının tarixi torpaqlarımızdan tamamilə çıxarılmasının əhəmiyyətini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü tamam olan  cənab İlham Heydər oğlu Əliyevin qalib və qüdrətli Azərbaycan naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin hörmət və məhəbbətini qazandığını diqqətə çatdırıb. Bildirib ki, dövlət başçısı cənab İlham Əliyev öz misilsiz fəaliyyəti ilə adını tariximizə qızıl hərflərlə həkk edib. Eldar Quliyev, həmçinin, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlamətdar olan 2023-cü ildə – “Heydər Əliyev ili”ndə Azərbaycan Ağsaqqallar Şurasının geniş və səmərəli fəaliyyətindən söz açıb. Şuranın bir çox xarici qonaqların, o cümlədən Türk Dövlətləri Təşkilatının Ağsaqqllar Şurasının nümayəndələrinin iştirakı ilə keçirdiyi, Ümummilli Liderimizin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfransdan və digər tədbirlərdən bəhs edib. Natiq ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb, rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirak etməsindən razı qaldığını bildirib.

Konfransda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək ağsaqqalların, o cümlədən rayon ağsaqqallarının ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, aktiv fəaliyyətlərindən söz açıb, o cümlədən yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Həmçinin qeyd edib ki, 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Asif Əsgərov da Nəsimi Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək dəyərləndirərək, təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Hesabat məruzəsi ətrafında çıxış edən digər natiqlər də Şuranın bir illik fəaliyyətini qənaətbəxş hesab edərək, cəmiyyətimizdə ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu vurğulayıblar.

Sonda Rayon Ağsaqqallar Şurasının fəal üzvlərinə səmərəli fəaliyyətlərinə görə və yübileyləri münasibətilə Fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.