Oktyabr ayının 27-də Naftalan Şəhər Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov, Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, ağsaqqallar, ziyalılar, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfransda Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və digər konfrans iştirakçılarını salamlayaraq, ölkəmizdə, eləcə də Naftalan şəhərinin ictimai-siyasi həyatında ağsaqqalların rolundan və nüfuzundan bəhs edib, milli-mənəvi dəyərlərimizin qorunmasında onların tövsiyə və məsləhətlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Ulu Öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi diqqət və ehtiramdan danışan icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də bu ənənəni davam etdirərək yaşlı nəslin nümayəndələrinə daim böyük hörmətlə yanaşdığını bildirib. Çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Sonra Naftalan Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlovun yerli təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti barədə məruzəsi dinlənilib. Məruzədə hesabat dövrü ərzində Şəhər Ağsaqqqallar Şurasının gördüyü işlərdən ətraflı bəhs edilib. Qeyd olunub ki, yerli təşkilat şəhərin ictimai-mədəni həyatında əhəmiyyətli rol oynayaraq əhali arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin təbliğ edilməsində, gənclərimizin vətənpərvərlik ruhunda maarifləndirilməsində, həmçinin şəhid ailələri və qazilərlə görüşlərin keçirilməsində, onlara mənəvi dəstəyin göstərilməsində əllərindən gələni əsirgəmir. Çıxışının sonunda Möhübbət Bədəlov bundan sonra da fəaliyyətlərini yüksək əzmkarlıqla davam etdirəcəklərini bildirib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov konfrans iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq növbəti dəfə Naftalan ağsaqqalları ilə görüşməkdən məmnun olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən bəhs edən natiq vurğulayıb ki, ölkəmiz davamlı inkişaf edir, şəhər və rayonlarımız gündən-günə gözəlləşir. Dövlət başçısının Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə də toxunan Vahid Novruzov bildirib ki, müstəqilliyimizin və təhlükəsizliyimizin qorunması, milli-mənəvi dəyərlərimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin ictimaiyyətə düzgün çatdırılması məsələləri bundan sonra ağsaqqalların diqqət mərkəzində olmalıdır. Natiq öz çıxışında Azərbaycan Ağsaqqallar Şurasının xüsusilə son illərdəki aktiv fəaliyyətindən ətraflı bəhs edərək Şuranın bu il keçirilən IX Qurultayından, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ağsaqqallara daim göstərdiyi diqqət və qayğıdan, eləcə də Qurultay iştirakçılarına ünvanladığı müraciətdən söz açıb. Vurğulayıb ki, hər zaman olduğu kimi bundan sonra da biz ağsaqqallar dövlət başçımızın ətrafında sıx birləşərək ölkəmizin davamlı inkişafı naminə geniş fəaliyyətimizi davam etdirəcəyik. Sonda Vahid Novruzov Naftalan Şəhər Ağsaqqallar Şurasının hesabatını qənaətbəxş hesab edərək, ağsaqqallara möhkəm cansağlığı və işlərində nailiyyətlər arzulayıb.
Konfranslarda çıxış edən ağsaqqallar ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən, həyata keçirilən qlobal layihələrdən danışmış, şəhərin ictimai-mədəni işlərində bundan sonra da yaxından iştirak edəcəklərini vurğulayaraq, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Naftalanda keçirilən hesabat-seçki konfransında təşkilati məsələlər də müzakirə olunub. Şəhər Ağsaqqallar Şurasının səlahiyyət müddəti başa çatan sədri, İdarə Heyəti və Təftiş Komissiyasına seçki keçirilib. Rayon təşkilatının sədri vəzifəsinə yenidən Möhübbət Bədəlovun namizədliyi irəli sürülüb. Keçirilən açıq səsvermə yolu ilə o, Naftalan Şəhər Ağsaqqallar Şurasının sədri seçilib. Sonra isə sədrin təqdimatı ilə rayonun nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.
Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov Naftalan Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlova yenidən sədr seçilməyi və 75 illik yubileyi münasibətilə təbriklərini çatdıraraq Şuranın Fəxri Fərmanını yubilyara təqdim edib.












