Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib.
Konfransda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, ağsaqqallar, ziyalılar, qazilər, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu ” adlı videofilm nümayiş olunub.
Tədbir iştirakçılarını salamlayan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov öz çıxışında bildirib ki, 105 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz Ulu Öndərin yorulmaz fəaliyyəti, siyasi uzaqgörənliyi və böyük təşkilatçılıq qabiliyyəti sayəsində müstəqil Azərbaycanın Ordusu yaradılmış, onun inkişafı, modernləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. O həmçinin vurğulayıb ki, dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də müasir və modern Azərbaycan Ordusunun yaradıcısı olan Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev öz çıxışında qeyd edib ki, ilk ordu quruculuğu 1918-ci il mayın 28-də yaranan Azərbaycan Demokratik Respublikası dövründə başlayıb. Ancaq o dövrün ədalətsiz tarixi hadisələri nəticəsində cəmi 23 ay yaşayıb və süquta uğrayıb. Ancaq əsas ordu quruculuğu Ulu Öndər Heydər Əliyev 1969-cu il iyulun 14-də hakimiyyətə gələrkən başlayıb, C. Naxçıvanski adına hərbi məktəb yaradılıb, ötən dövrlər ərzində zabitlər korpusu yetişib. Ümummilli Liderimiz Moskvada işləyərkən siyasi hadisələr qəlizləşib və xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev digər sahələrdə olduğu kimi, ordu quruculuğuna da yeni impuls verib, daha sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu məsul işi davam etdirib və nəticə isə 44 günlük Vətən müharibəsində özünü böyük Qələbə ilə göstərib. Mayıl Əliyev onu da bildirib ki, ordumuz hazırda da inkişaf edir və çoxlu təcrübəli kadrlar yetişdirilib, müasir hərbi texnika ilə təchiz olunub və bu gün biz yüksək döyüş qabiliyyətinə malik rəşadətli Ordumuzla fəxr edirik. Ordu quruculuğumuzun banisi Ulu Öndərimiz Heydər Əliyevə Allah rəhmət eləsin!
Tədbirdə çıxış edən digər natiqlər də ordu quruculuğundan, ordumuzun döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində əldə etdiyi böyük uğurlardan bəhs ediblər. Vurğulayıblar ki, orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan Azərbaycan vətəndaşı olaraq biz öz qəhrəman əsgər və zabitlərimizlə qürur duyuruq.
Konfransda “Şahin” hərbi-idman oyununun şəhər birincisi və respublika üçüncüsü olmuş 229 saylı tam orta məktəbin komandası mükafatlandırılıb, həmçinin YAP üzvlüyünə qəbul edilmiş şəxslərə vəsiqələr təqdim olunub.