Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev və rayon ağsaqqalları 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Səhhət klinikasının kollektivi ilə görüş keçiriblər.
Klinikanın əməkdaşlarını və onların şəxsində ölkəmizin bütün tibb işçilərini peşə bayramları münasibətilə təbrik edən Mayıl Əliyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu günün təsis edilməsinin Ulu Öndərin həkimlik sənətinə, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyinin əsas göstərici olduğunu bildirib. Əlavə edib ki, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə səhiyyəsində idarəçiliyin təkmilləşdirilməsi, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxmasına imkan yaradıb. O, həmçinin, Səhhət klinikasında xəstələrə göstərilən qayğıdan və onların müalicəsinin uğurla təşkilindən, insanların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında görülən işlərdən, tibbi heyətin yüksək insanlıq və peşəkarlıq qabiliyətindən böyük razılıq və rəğbətlə söz açıb. Əhaliyə göstərdikləri keyfiyyətli və səmərəli tibbi xidmətlərə, xüsusi diqqət və qayğıya görə onlara təşəkkür edib.
Sonra Mayıl Əliyev səmərəli fəaliyyətlərinə görə və Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Səhhət klinikasının bir neçə əməkdaşını Nizami Rayon Ağsaqqallar Şurasının Fəxri fərmanları ilə təltif edib və klinikanın bütün kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Səhhət klinikasının baş həkimi Həqiqət Zülfüqarova onların əməyinə verilən qiymətə və göstərilən diqqətə görə öz adından və klinikanın bütün heyəti adından minnətdarlığını bildirib. Vurğulayıb ki, bundan sonra da əhalinin sağlamlığının keşiyində durmaq kimi müqəddəs vəzifələrinin öhdəsindən layqincə gəlməyə çalışacaqlar.
Sonda xatirə şəkli çəkdirilib.



