Sentyabr ayının 22-də Oğuz Rayon Azərbaycan Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Yusubov, eləcə də rayon ağsaqqalları, ziyalıları, şəhid ailələrinin üzvləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummili Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfransda Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının, həmçinin hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Giriş nitqi ilə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və digər tədbir iştirakçılarını salamlayaraq, milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edilən ağsaqqalların rayonun ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların dəyərli öyüd-nəsihətlərinə hər bir kəsin ehtiyacının olmasından danışıb. Qeyd edib ki, ağsaqqallar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşən rayon əhalisinin, gənclərin Vətənə, dövlətə və xalqa bağlılğı istiqamətində üzərlərinə düşən vəzifələri böyük məsuliyyətlə yerinə yetirirlər. Çıxışının sonunda natiq konfransın işinə uğurlar arzulayıb.
Sonra Oğuz Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Yusubovun ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi dinlənilib. Məruzədə yerli təşkilatın öz fəaliyyətini iş planına uyğun olaraq davam etdirdiyi, bir sıra əhəmiyyətli tədbirlər, şəhid ailələri və qazilərlə görüşlər keçirildiyi, həmçinin gənclərlə maarifləndirici işlərin aparıldığı qeyd edilib. Vurğulanıb ki, ağsaqqallar bundan sonra da işlərini səmərəli şəkildə həyata keçirəcəklər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxışında Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından konfrans iştirakçılarını salamlayaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafından, aparılan uğurlu daxili və xarici siyasətdən söz açıb. Hazırda işğaldan azad edilmiş rayonlarda genişmiqyaslı abadlıq-quruculuq işlərinin getdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin cəmiyyətimizə, xüsusilə də gənc nəslə milli-mənəvi dəyərlərə, Vətənə, xalqa, dövlətə hörmət ruhunun aşılanmasının böyük önəm daşıdığını qeyd edən natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə ağsaqqallara, o cümlədən ahıllara göstərilən diqqət və qayğıdan danışıb. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin başçılığı ilə təşkilatda bir çox əhəmiyyətli işlərin həyata keçirildiyini vurğulayan Vahid Novruzov çıxışının sonunda Oğuz Rayon Ağsaqqallar Şurasının hesabatını qənaətbəxş hesab edərək ağsaqqallara gələcək fəaliyyətlərində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Konfranslarda çıxış edən digər natiqlər də rayon ağsaqqallarının fəaliyyətindən ətraflı bəhs ediblər. Onların fəaliyyətini qənaətbəxş hesab edərək, əmin olduqlarını bildiriblər ki, bundan sonra da ağsaqqallar ölkəmizin inkişafı naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklər.
Konfransda təşkilati məsələlər də müzakirə olunub. Açıq səsvermə yolu ilə Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə sıralarında ictimai fəal qadınların da olduğu nüfuzlu ziyalılardan ibarət yeni üzvlər seçiliblər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov və digər natiqlər yeni seçilən üzvləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.










