Xəbərlər

Oğuz rayonunun nüfuzlu ağsaqqalının 80 illik yubileyi qeyd olunub

Oğuz rayonunun nüfuzlu ağsaqqalı, YAP Oğuz rayon təşkilatının veteran üzvlərindən olan Yusifov Telman Şahvələd oglunun 80 illik yubileyi münasibətilə rayonunun Muxas kəndində yaşadığı evində görüş keçirilib.

Görüşdə Oğuz Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Yusubov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Rayon İHB-nin Muxas kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Xəqani Xudiyev, kənd ağsaqqalı Emin Cəfərov və başqaları iştirak ediblər.

YAP Oğuz Rayon təşkilatının sədri Saleh Məhərrəmov yubilyar haqqında fikirlərini bölüşərək bildirib ki, nüfuzlu ağsaqqal, vətənpərvər ziyalı Telman Yusifov uzun müddət müxtəlif sahələrdə (polis orqanlarında və təhsil sahəsində) çalışmış və rayonun ictimai-siyasi həyatında hər zaman yüksək fəallıqla iştirak etmişdir. Rayon təşkilatının sədri daha sonra yubilyarı təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür və uğurlar arzulayıb.

Oğuz Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Yusubov da yubilyarla bağlı bağlı xoş xatirələrini görüş iştirakçılarının diqqətinə çatdırıb, Telman müəllimi səmimi arzularla təbrik edib. Vurğulayıb ki, Telman Yusifov kimi ömrünü xalqına, ölkəsinə həsr etmiş müdrik ağsaqqallar daim ehtirama, diqqətə və böyük məhəbbətə layiqdirlər.

Sonra Telman Yusifova uzunmüddətli səmərəli xidmətlərinə görə və 80 illik yubileyi münasibətilə Fəxri fərman və xatirə hədiyyəsi təqdim edilib.

Görüşdə çıxış edən yubilyar Telman Yusifov ağsaqqallara və veteranlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyasının sıralarında olmaqdan qürur duyduğunu söyləyib və hər kəsə öz minnətdarlığını ifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.