Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, rayon MKTB-nin rəisi Həsən Cəfərzadə, Pirallahı qəsəbə məscidinin axundu Mübariz Rəhimov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, eləcə də rayon ağsaqqalları tərəfindən Aprel döyüşlərində böyük hünər və rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Mehralıyev Sarvan Natiq oğlunun ailəsi ziyarət edilib. Qəhrəman şəhidin əziz xatirəsi ehtiramla yad olunub. Xalqımızın igid oğlu Sarvan Mehralıyevin qardaşı şəhidlərə və onların ailələrinə göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Daha sonra 186 saylı tam orta məktəbdə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə 2016-cı ilin Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, igid Azərbaycan əsgərinin döyüşlərdə göstərdiyi şücaətdən, bir sıra vacib yüksəkliklərin və yaşayış məntəqəsinin azad edilməsindən, qazanılan tarixi qələbədən danışılıb. Bildirilib ki, şəhidlərimizin qisası yerdə qalmayıb. 44 günlük Vətən müharibəsi zamanı müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmənə ağır zərbələr endirilib və müharibə Ordumuzun böyük qələbəsi ilə başa çatıb.




