Yeni tədris ilinin başlanması münasibətilə və 2025-2026-cı tədris ilində yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olunmuş Pirallahı rayonunun məzunları ilə görüş keçirilib. Görüşdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı Günay Əfəndiyeva, Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, YAP Pirallahı Rayon Təşkilatının sədri Emil Abasov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova, ağsaqqallar, ziyalılar, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, təhsil müəssisələrinin direktorları, 2025-2026-cı tədris ilində yüksək nəticə göstərmiş məzunlar və valideynlər iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov tədbiri giriş nitqi ilə açaraq yeni tədris ilinin başlanması münasibətilə məktəb rəhbərlərini, müəllimləri və tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. O, ötən tədris ilində ali təhsil müəssisələrinə qəbul olmuş məzunların uğurlarını yüksək qiymətləndirərək, bu uğurların şagirdlərin zəhməti, müəllimlərin fədakar əməyi və valideynlərin dəstəyi sayəsində əldə olunduğunu bildirib.
Tədbirdə çıxış edən Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov da gəncləri təbrik edərək onların qazandıqları yüksək nəticələrin böyük zəhmət və əzmkarlığın göstəricisi olduğunu bildirib. O, tələbələrə təhsil həyatlarında uğurlar, qarşıya qoyduqları məqsədlərə çatmaq üçün əzmkarlıq və yeni nailiyyətlər arzulayıb. Eyni zamanda, gənclərin əldə etdikləri bilik və bacarıqlarla gələcəkdə ölkəmizin inkişafına layiqli töhfələr verəcəklərinə əminliyini ifadə edib.
Yekun olaraq, rayon üzrə ən yüksək nəticə göstərən məzun, 618,4 balla Azərbaycan Tibb Universitetinin stomatologiya ixtisasına qəbul olunmuş Salayeva Leyla çıxış edib. O, əldə etdiyi nəticədən böyük sevinc və qürur hissi keçirdiyini bildirərək, bu uğurun uzun müddət ərzində göstərdiyi səylərin və qarşıya qoyduğu məqsədə doğru əzmlə irəliləməsinin nəticəsi olduğunu qeyd edib.
Görüşün sonunda qəbul imtahanlarında yüksək nəticə göstərmiş bir qrup məzuna hədiyyələr təqdim olunub.
Tədbir xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.





