Pirallahı Rayon Ağsaqqallar Şurasının, Pirallahı Bələdiyyəsinin, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə rayon ərazisində fəaliyyət göstərən idmançılarla görüş keçirilib.
Görüşdə Pirallahı Rayon Ağsaqqallar Şurasının və Pirallahı Rayon Bələdiyyəsinin sədri Əli Kərimov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Arzu Abdullayev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, eləcə də rayonun veteran idmançıları, ağsaqqallar, gənclər, məşqçi-müəllimlər və digər qonaqlar iştirak ediblər.
Tədbirin rəsmi hissəsində digər natiqlərlə yanaşı, Pirallahı Rayon Ağsaqqallar Şurasının və Pirallahı Rayon Bələdiyyəsinin sədri Əli Kərimov da çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğıdan ətraflı bəhs edib. İdmanın gənclərimizin fiziki və mənəvi inkişafında mühüm rol oynadığını qeyd edib, idmanla məşğul olmağın sağlam həyat tərzinin formalaşmasına və şəxsi inkişafın güclənməsinə böyük töhfə verdiyini bildirib. Natiq, həmçinin, Pirallahı rayonunda idman infrastrukturunun genişləndirilməsinin və yeni layihələrin həyata keçirilməsinin gənclərin potensialının artırılmasına xidmət etdiyini vurğulayıb. İdmançılara göstərilən dövlət dəstəyinin onların uğurlarının davamlı olmasına şərait yaratdığını qeyd edib.
Tədbir çərçivəsində rayonun idman həyatında fəal iştirak edən bir qrup məşqçi və idmançı Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıb.




