Xəbərlər

Qəbələ Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

Qəbələ, 9 iyun, Mustafa Dadaşov, AZƏRTAC

İyunun 9-da Qəbələ Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbiri Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev açaraq, ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan danışıb.

Uzun illər Qəbələ rayonunun deputatı olmuş Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından söz açıb.

Konfransda təşkilati məsələlər müzakirə olunub, Qəbələ Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi qəbul edilib. Mehman İsmayılov Şuranın yeni sədri seçilib.

Uzun illər Qəbələ Rayon Ağsaqqallar Şurasına sədrlik etmiş Nazim Mustafayevə səmərəli fəaliyyətinə görə rayon icra hakimiyyətinin fəxri fərmanı təqdim olunub.

Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək, Şuranın yeni seçilmiş sədrinə və üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, ağsaqqallara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

[post_gallery]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.