Qərbi Azərbaycan İcmasının milli və beynəlxalq platformalarda fəallığı, dünya ictimaiyyətinə Azərbaycanın mövqeyini təkzibolunmaz faktlar və arxiv materialları əsasında çatdırmaq səyləri ictimaiyyət tərəfindən məmnunluqla qarşılanır.
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski deyir ki, İrəvan şəhərindəki Göy məscid istisna olmaqla, Qərbi Azərbaycanda mövcud olmuş 300-ə yaxın məscidin hamısı Ermənistan tərəfindən məhv edilib. Eyni zamanda 500-dən artıq qəbiristanlıq dağıdılıb, azərbaycanlıların mədəni və dini irsi sistemli şəkildə yer üzündən silinib. Bu, beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır.
Ötən il Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası tərəfindən İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi, İrəvan Qazılığının Əsasnaməsinin təsdiq edilməsi və İrəvan Qazısının seçilməsi barədə qərarları ictimaiyyətdə məmnunluqla qarşılanıb.
Bu, dini etiqad azadlığının təmin edilməsi, Qərbi Azərbaycanda multikultural mühitin yenidən canlandırılması və tarixi ədalətin bərpası baxımından əhəmiyyətli bir addımdır. Bu qərar eyni zamanda Ermənistandan zorla çıxarılmış azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışına xidmət edən mühüm bir addımdır. 2020-ci ilin 27 sentyabrınadək Qarabağa və Şərqi Zəngəzura dönüş arzumuza nə qədər ümidli idiksə, indi ondan daha artıq əzmkarlıqla və inamla Qərbi Azərbaycana qayıdışa əminik.
Tarixən fəaliyyət göstərən İrəvan Qazılığının həmin dövrlərdə insanların dini-mənəvi dəyərlərinin qorunmasında böyük rolu olub. Torpaqlarımız uzun illər işğal altında olduğundan bu fəaliyyəti bərpa etmək mümkün deyildi. İndi İrəvan Qazılığının da təyinatı olduqca ciddi və önəmli məsələdir. İrəvan Qazılığının fəaliyyətinin bərpası zamanın tələbidir. Qayıdış prosesi başa çatandan sonra İrəvan Qazılığının fəaliyyəti canlanacaq, orada yaşayan insanlarımızın mənəvi, dini tələbatının ödənilməsinə böyük faydası olacaq.
Qarabağ və Şərqi Zəngəzurun bərpasını, quruculuğunu və keçmiş məcburi köçkünlərin məskunlaşdırılmasının strateji hədəflərin ilkin mərhələsi hesab edən cənab İlham Əliyev növbəti mərhələni belə xarakterizə edir: “Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik”.