İyul ayının 10-da Qaradağ Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, habelə Rayon İcra Hakimiyyətinin aparat işçiləri, ağsaqqallar, ziyalılar və digər ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov konfransı giriş sözü ilə açaraq Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimovu və tədbir iştirakçılarını salamlayıb. Ağsaqqallarının fəaliyyətini yüksək dəyərləndirən natiq onların rayonun ictimai-siyasi həyatındakı əhəmiyyətli rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Gənclərimizin maarifləndirilməsində, xüsusilə dövlətə, xalqa sədaqət ruhunda və sağlam təməllər üzərində yetişdirilməsində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu diqqətə çatdırıb. Azərbaycanın davamlı inkişafı prosesində ağsaqqalların üzərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirəcəklərinə əmin olduğunu bildirən Süleyman Mikayılov konfransın işinə uğurlar arzulayıb.
Sonra Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Məruzədə rayon ağsaqqallarının hesabat dövrü ərzində gördüyü işlərdən bəhs edən natiq qeyd edib ki, sakinlər arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin təbliğ edilməsində, ordu sıralarına çağırılan gənclərlə, eləcə də məktəblərdə, peşə məktəblərində şagirdlərlə görüşlər keçirərək onların vətənpərvərlik ruhunda tərbiyə edilməsində, maarifləndirilməsində, habelə şəhid ailələri və qazilərlə görüşlərin keçirilməsində, onlara mənəvi dəstəyin göstərilməsində əllərindən gələni əsirgəmirlər. “Heydər Əliyev İli”ndə keçirdikləri və iştirak etdikləri tədbirlərdən bəhs edən edən Ramin Məmmədov, həmçinin, ağsaqqalların prezident seçkilərində yaxından iştirak etdiklərini, Azərbaycanın qalib və əvəzsiz Liderini, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi dəstəklədiklərini bildirib. Çıxışının sonunda natiq bundan sonra da fəaliyyətlərini yüksək əzmkarlıqla davam etdirəcəklərini vurğulayıb.
Daha sonra Qaradağ rayonunun 90 yaşlı ağsaqqalı Seyran Muradov, Rayon Veteranlar Təşkilatı sədrinin müavini, Birinci Qarabağ müharibəsi veteranı Paşa Məmmədov, Rayon Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Birliyi Filialının sədri Maqsud Heydərli və digər natiqlər çıxış edərək Qaradağ rayon ağsaqqalları tərəfindən hesabat dövrü ərzində həyata keçirilən işlərdən, rayonda təşkil olunmuş tədbirlərdə onların fəallıq göstərməsindən danışıblar və ağsaqqalların işinə yüksək qiymət veriblər.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov öz çıxışında Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdıraraq, növbəti dəfə Qaradağ rayonunda ağsaqqallarla və ziyalılarla görüşməyindən məmnun olduğunu bildirib. Sonra natiq Azərbaycan Ağsaqqqallar Şurasının son dövrlərdəki fəaliyyətindən, o cümlədən “Heydər Əliyev İli” çərçivəsində təşkilatın keçirdiyi tədbirlərdən, ağsaqqalların növbədənkənar prezident seçkilərində aktiv iştirakından, bir sıra səmərəli görüşlərdən, xeyriyyə aksiyalarından və digər tədbirlərdən ətraflı söz açıb. Azərbaycan Ağsaqqallar Şurasının gənc nəslin maarifləndirilməsinə, onların milli və vətənpərvərlik ruhunda, zərərli vərdişlərdən uzaq tərbiyə almalarına, cəmiyyət üçün layiqli vətəndaşlar kimi formalaşmalarına daim böyük əhəmiyyət verdiyini bildirib. Vurğulayıb ki, hər zaman öz aktiv fəaliyyətləri ilə seçilən Şura üzvləri növbədənkənar prezident seçkilərində qəti mövqelərini ortaya qoyaraq, xalqımızın güclü və qalib Lideri İlham Əliyevin siyasətinin davamını istədiklərini bəyan ediblər və bütün suveren ölkəmizi, işğaldan azad edilmiş ərazilərimizi əhatə edən təbliğat-təşviqat və səsvermə prosesində fəallıqları ilə seçiliblər.
Bakı şəhərinin COP29-a evsahibliyi etməsini mühüm tarixi hadisə və respublikamızın “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirən natiq vurğulayıb ki, bu həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir. Eldar İbrahimov öz çıxışında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Zəfərdən, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən, vətəndaşlarımızın öz ata-baba yurdlarında qayıtmalarından da söz açıb. Həmçinin mövcud problemlərə də toxunaraq boşanmaların sayının artmasından, erkən nikahlardan və narkomaniya aludəçiliyindən bəhs edib. Bildirib ki, bu cür halların qarşısını almaq üçün ağsaqqallar daha aktiv fəaliyyət göstərməlidirlər. Çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov Qaradağ rayon təşkilatının hesabatını qənaətbəxş hesab edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfransın sonunda öz səmərəli fəaliyyətləri ilə seçilən rayon ağsaqqalları – Seyran Muradov 90 illik, Mirtağı Tağıyev 85 illik, Paşa Məmmədov isə 70 illik yubileyləri münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif ediliblər.
Qaradağ Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
- 10-07-2024
- [20:24]
- [ ]

10
İyl