Xəbərlər

Qax Rayon Ağsaqqallar Şurası milli-mənəvi dəyərlərimizin təbliği işinə töhfəsini verir

Qax Rayon Ağsaqqallar Şurası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Qax rayonunda icra olunan “Parlayan Ziya” layihəsinin təşkilatçılığı, Qum kənd Sənətkarlıq Evinin dəstəyi ilə Qax rayonunda 26 Noyabr – Azərbaycan Kəlağayısı Gününə həsr olunmuş “İpəkdə yaşayan yaddaş” mövzusunda dəyirmi masa keçirilib.
Qum kənd Sənətkarlıq Evində təşkil olunan tədbirdə Qax Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin, “Parlayan Ziya” layihəsi təşviqat qrupunun üzvləri, mədəniyyət işçiləri, gənclər iştirak ediblər.
Tədbirin aparıcısı, Sənətkarlıq Evinin direktoru Xatirə Şahmalıyeva əvvəlcə iştirakçılara kəlağayı sənətinin tarixi barədə geniş məlumat verib. Qeyd olunub ki, Azərbaycanda kəlağayıçılığın çox qədim tarixi var. Bu sənət nəsildən-nəslə ötürülərək zəmanəmizə qədər gəlib çatıb. 2014-cü ildən etibarən noyabrın 26-sı Azərbaycan Kəlağayısı Günü kimi qeyd olunur.
Tədbirdə Qax Rayon Ağsaqqallar Şurasının sədri Mustafa Dadaşov çıxış edərək, belə tədbirlərin keçirilməsində əsas məqsədin xalqımızın milli-mənəvi dəyərlərinin və tarixi ənənələrinin qorunması və təbliği işinə töhfə vermək olduğunu bildirib. Qeyd olunub ki, kəlağayı sənəti Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətində xüsusi yer tutur. Kəlağayı təkcə baş örtüyü deyil, həm də xalqın zövqünün, ruhunun və mənəvi yaddaşının daşıyıcısıdır, nənələrimizdən bizə miras qalan qiymətli yadigardır. Şura sədri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə Azərbaycan kəlağayı sənətinin 2014-cü il noyabrın 26-da UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, UNESCO-nun həmin siyahısına daxil edikdən sonra ölkəmizdə kəlağayıya olan maraq daha da artıb. Azərbaycan qadınının, qız-gəlinlərin ismət, həya, xanımlıq simvolu sayılan kəlağayı müasir dövrümüzdə də öz dəyərini qoruyub saxlayır.
“Parlayan Ziya” layihəsinin təbliğat-təşviqat qrupunun rəhbəri Arzu Əliyeva layihənin məqsədi, qarşıya qoyulan vəzifələr barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, layihə çərçivəsində milli-mənəvi dəyərlərin təbliği, ailə institutunun möhkəmləndirilməsi istiqamətində silsilə tədbirlərin, gənclər və ailələrlə maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulur.
Dəyirmi masada Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvləri Nizami Abdullayev, Güllü Əhmədova, Rahib Məmmədov, həmçinin Qax şəhər 2 nömrəli məktəb-liseyin direktoru Aybəniz Məmmədova və başqaları çıxış edərək, milli-mənəvi dəyərlərin qorunmasından, gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıblar. Qeyd olunub ki, milli-mənəvi dəyərlərimizin, qədim adətlərimizin ayrılmaz tərkib hissəsi olan kəlağayının əvvəlki şan-şöhrətini özünə qaytarmaq üçün təbliğinə böyük ehtiyac vardır.
Tədbir boyunca mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, rəqslər ifa olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.