Xəbərlər

Quba Rayon Ağsaqqallar Şurasının üzvləri şəhid ailələri ilə görüşüblər

Quba Rayon Ağsaqqallar Şurasının üzvləri – sədr İldırım Məmmədov, müavin Qəhrəman Qasımov və başqaları Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anatoliy Rafailov və Ümumİsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov ilə birlikdə Qarabağda antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəman Vətən oğullarının ailələrinə baş çəkiblər. Onlar Qubanın Səbətlər kəndində şəhid Emral Həsənovun, Təngaltı kəndində şəhid Altun Əliyevin, Qonaqkənd qəsəbəsində isə şəhid Bayram Tapdıqovun ailə üzvləri ilə görüşərək, qayğı və problemləri ilə maraqlanıblar. Azərbaycanın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizə Allahdan rəhmət diləyərək vurğulayıblar ki, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən torpağını işğaldan azad edən və bu torpaqlar uğrunda canından keçən, sağlamlığını itirən oğullarımız ölkəmizin şərəfini qoruyaraq, qürurunu özünə qaytardılar və 30 ilə yaxın həsrətə qısa müddət ərzində son verdilər. Bu gün Qarabağımızın hər bir guşəsində üçrəngli bağrağımız dalğalanır. Onlar, həmçinin, qeyd ediblər ki, hazırda şəhid ailələri, qazilər dövlətimiz tərəfindən yüksək səviyyədə qayğı ilə əhatə olunublar. Lakin bununla yanaşı, hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur ki, övladları işğal altındakı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş ailələrə və qazilərə hər zaman diqqətlə yanaşaraq onlara hərtərəfli dəstək olsunlar.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.