İyul ayının 6-da Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovun iştirakı ilə Quba rayonunda hesabat-seçki, Qusar rayonunda isə hesabat konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovla yanaşı, Quba Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Tariyel İbrahimov, Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyhun Hacıyev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, eləcə də rayon ağsaqalları, ziyalıları, şəhid ailələrinin üzvləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfranslarda Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş nitqi ilə çıxış edən rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovu və digər tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan danışıblar. Vurğulayıblar ki, şəhər və rayonlarımızda aktiv fəaliyyətləri ilə seçilən ağsaqqallarımıza gənc nəslin dövlətə və xalqa sədaqət, o cümlədən vətənpərvərlik ruhunda və sağlam təməlllər üzərində yetişdirilməsi işində həmişə böyük ehtiyac duyulub. Natiqlər konfransların işinə uğurlar arzulayıblar.
Sonra Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov və Qusar Rayon Ağsaqqallar Şurasının sədri Sənan Xəlilov hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barəsində məruzələr ediblər. Bildiriblər ki, Rayon Ağsaqqallar Şuralarının üzvləri mütəmadi olaraq tədbirlərdə iştirak və çıxışlar edirlər, gənclərlə görüşlər keçirir, onların maarifləndirilməsi işinə xüsusi diqqət ayırırlar. Sədrlər bundan sonra da ağsaqqalların rayonların ictimai-mədəni həyatında fəallıq nümayiş etdirərək Vətənimizin inkişafı naminə öz səylərini əsirgəməyəcəklərini vurğulayıblar.
Daha sonra məruzələr ətrafında çıxış edən konfrans iştirakçıları hər iki təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndirərək gələcək fəaliyyətlə bağlı təkliflərini səsləndiriblər.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayıb. Göstərilən diqqət və qonaqpərvərliyə görə öz minnətdarlığnı bildirərək, hər iki rayonun onun üçün əziz və doğma olduğunu qeyd edib. Ölkəmizin əsrarəngiz şimal bölgəsini qiymətli bir üzüyə bənzədərək, füsunkar Quba və Qusar rayonlarını bu üzüyün qaşı adlandırıb. Sonra natiq Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı qətiyyətli daxili və xarici siyasət, uğurlu sosial-iqtisadi islahatlar nəticəsində ölkəmizin gündən-günə inkişaf etdiyini, dünyaya daha geniş şəkildə inteqrasiya olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfərini xüsusi vurğulayarq qeyd edib ki, dövlət başçısının yüksək səviyyədə həyata keçirdiyi xarici siyasət nəticəsində ölkəmizin bu təşkilatla münasibətləri yeni mərhələyə qədəm qoyur, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq sürətlə inkişaf edir. Tahir Süleymanov, həmçinin, öz çıxışında millət vəkili, professor Eldar Quliyevin sədrliyi ilə Azərbaycan Ağsaqqallar Şurasının öz aktiv fəaliyyətini uğurla davam etdirdiyini bildirib. Hər iki rayonun hesabatını qənaətbəxş qiymətləndirərək cəmiyyətimizdəki bəzi problemlərə də toxunub. Xüsusilə boşanmaların sayının artdığını təəssüf hissi ilə qeyd edərək, boşanma hallarına, eləcə də əsrimizin bəlası olan narkomaniya və digər zərərli vərdişlərə qarşı ağsaqqalların daha təsirli şəkildə mübarizə aparmalarını, gənclərimizi mütəmadi olaraq maarifləndirmələrini zəruri hesab edib. Çıxışının sonunda o, hər iki rayonun ağsaqqallarına gələcək fəaliyyətlərində davamlı uğurlar və möhkəm cansağlığı arzulayıb.
Qubada keçirilən konfransda təşkilati məsələlər də müzakirə olunub. Rayon Ağsaqqallar Şurasının səlahiyyət müddəti başa çatan sədri, İdarə Heyəti və Təftiş Komissiyalarına seçki keçirilib. Rayon təşkilatının sədri vəzifəsinə yenidən İldırım Məmmədovun namizədliyi irəli sürülüb. Keçirilən açıq səsvermə yolu ilə o, Quba Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Sonra isə sədrin təqdimatı ilə rayonun nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb. İdarə Heyətinə yeni üzvlər qəbul edilib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov və digər konfrans iştirakçıları yeni seçilən sədri və heyət üzvlərini təbrik edərək onlara gələcək işlərində uğurlar diləyiblər.













