Xəbərlər

Qusar Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

İyun ayının 6-da Qusar Rayon Ağsaqqallar Şurasının hesabat-seçki  konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Qusar Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Telman Kazımov, Qusar Rayon Ağsaqqallar Şurasının sədr müavini Sənan Xəlilov, eləcə də ağsaqqallar, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Konfransda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının və hesabat dövrü ərzində dünyasını dəyişən Qusar Rayon Ağsaqqallar Şurasının sədri Vahid Mehdixanovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qusar Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Telman Kazımov öz çıxşında Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovu və tədbir iştirakçılarını salamlayaraq, ağsaqqalların rayonun ictimai-siyasi və mədəni həyatındakı aktiv fəaliyyətindən danışıb. Vurğulayıb ki, rayon ağsaqqalları milli-mənəvi dəyərlərimizin təbliği, o cümlədən gənclərimizin Vətənə, millətə, dövlətə sədaqət ruhunda tərbiyə olunması istiqamətində bir çox işlər həyata keçirirlər. Mütəmadi olaraq əhali ilə, xüsusilə gənclərlə, şəhid ailələrinin üzvləri və qazilərlə görüşlər, tədbirlər keçirir, maarifləndirici ağsaqqallıq vəzifələrini əzmkarlıqla yerinə yetirirlər.
Sonra Qusar Rayon Ağsaqqallar Şurasının sədr müavini Sənan Xəlilov görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Öz çıxışında Rayon Ağsaqqallar Şurasının fəaliyyətindən ətraflı bəhs edən natiq təşkilatın üzvlərinin iştirakı ilə keçirilən görüşlərdən, tədbirlərdən, gənclərlə maarifləndirici söhbətlərin aparılmasından və digər məsələlərdən söz açıb. Bildirib ki, Qusar rayonunun ağsaqqalları “Heydər Əliyev İli”ndə Ulu Öndərin 100 illiyi ilə bağlı tədbirlərdə və bu ilin fevral ayında keçirilən prezident seçkilərinin təbliğat və təviqat kampaniyasında da fəal iştirak ediblər, Azərbaycanın alternativsiz lideri cənab İlham Əliyevi qətiyyətlə dəstəkləyiblər. Sənan Xəlilov çıxışının sonunda onu da bildirib ki, Qusar Rayon Ağsaqqallar Şurasının üzvləri gələcəkdə də fəaliyyətlərini aktiv şəkildə həyata keçirəcəklər.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin səmimi salamalarını tədbir iştirakçılarına çatdırıb. Vurğulayıb ki, suverenlik və tərəqqi istiqamətində böyük inkişaf yolu keçən ölkəmiz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında iqtisadi, siyasi və hərbi cəhətdən yeni güc mərkəzinə çevrilmişdir. COP29 kimi möhtəşəm bir tədbirin ölkəmizdə keçirilməsindən, Qazax rayonunun 4 kəndinin geri qaytarılmasından və digər nailiyyətlərimizdən söz açan natiq respublikamızın və möhtərəm Prezidentimizin artan beynəlxalq nüfuzundan danışıb. Vurğulayıb ki, Azərbaycanı sevməyən qüvvələr tərəfindən bizə qarşı yönələn təhdidlərin qarşısı dövlət başçısının prinsipial, qətiyyətli mövqeyi və qərarları ilə yerindəcə həll edilir. Həmçinin bu gün biz böyük fəxrlə qeyd edirik ki, işğaldan azad olunmuş şəhər və rayonlarımızda genişmiqyaslı quruculuq işləri gedir, vətəndaşlarımız dədə-baba torpaqlarımızın əsl sahibləri olaraq öz doğma yurd-yuvalarına qayıdırlar.
Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətindən, o cümlədən son günlərdə Şuranın yerli təşkilatlarında keçirilən hesabat konfranslarından da ətraflı bəhs edən Tahir Süleymanov bildirib ki, biz ağsaqqllar fəaliyyətimizi daha səmərəli şəkildə qurmalı, cəmiyyətimizdəki problemlərə qarşı təsirli mübarizə aparmalıyıq. O, ölkəmizdə hələ də erkən nikahların bağlanmasından, gənclərimizin zərərli vərdişlərə, narkomaniyaya, siqaretə aludəçiliyindən, xüsusilə də boşanmaların sayının durmadan artmasından təəssüf hissi ilə söz açaraq, cəmiyyətimizdəki bu nöqsanların aradan qaldırılması üçün ağsaqqalların öz zəngin həyat təcrübələrindən, bilik və bacarıqlarından daha çox istifadə etməsinin zəruriliyini vurğulayıb. Tahir Süleymanov Qusar Rayon Ağsaqqallar Şurasının gördüyü işləri qənaətbəxş hesab edərək, öz tövsiyə və təkliflərini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Konfransda çıxış edən digər natiqlər də Rayon Ağsaqqallar Şurasının  fəaliyyətindən və qarşıda duran vəzifələrdən söz açıblar. Əmin olduqlarını bildiriblər ki, yerli təşkilat gələcəkdə öz fəaliyyətini daha geniş və effektiv şəkildə quracaqdır.
Sonra təşkilati məsələlər müzakirə olunub. Dünyasını dəyişən Qusar Rayon Ağsaqqallar Şurasının sədri Vahid Mehdixanovun yerinə səsvermə yolu ilə Sənan Xəlilov seçilib. Həmçinin təşkilatın İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.
Yeni seçilmiş sədr ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib və bu etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəyini ifadə edib.
Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov və digər tədbir iştirakçıları Qusar Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədri Sənan Xəlilovu təbrik ediblər, ona və təşkilatın bütün heyətinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.