Aprel ayının 18-də Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, istefada olan polis mayoru Ramin Məmmədovun 65 yaşı tamam olur.
Bu gün Ramin müəllim alicənab insan, dəyərli ziyalı, yorulmaz tədqiqatçı və peşəkar polis zabiti olaraq şərəf və layəqətlə yaşadığı ömür yolunun kamillik zirvəsindədir. Uzun müddət Rusiyada insanların əmin-amanlıq və təhlükəsiz şəraitdə yaşayışının təmin olunmasında əvəzsiz xidmətlər göstərən, nümunəvi fəaliyyəti ilə hər zaman azərbaycanlı adını uca tutan Ramin Məmmədov ölkəmizin çətin günlərində – 1992-ci ildə xidmətini doğma Vətənə dəyişərək torpaqlarımızın bütövlüyü uğrunda gedən Qarabağ müharibəsində iştirak etmişdir. Nizam-intizamlı, prinsipial, savadlı və bacarıqlı zabit kimi III dərəcəli “Qüsursuz xidmətlərinə görə” medalı, “Sovet milisi əlaşısı” döş nişanı və Fəxri fərmanlarla təltif edilmişdir.
Gənc yaşlarından ədəbi yaradıcılıqla, tədqiqatçı-jurnalist fəaliyyəti də məşğul olan Ramin Məmmədov onlarla kitabın, yüzlərlə məqalənin müəllifidir. O, öz əsərlərində, əsasən, Azərbaycanın Rusiyadakı milli icmalarını, diaspor mətbuatını, orada yaşayan ziyalılarımızı, ölkələrimiz arasında isti münasibətlərin inkişafını işıqlandırmış, millətlərarası münasibətlərin pozulmasını təbliğ edən mətbuat orqanlarını ifşa etmişdir.
Azərbaycanın daim çiçəklənməsi naminə bu gün də yüksək əzmkarlıq nümayiş etdirən Ramin müəllim Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri və dəyərli bir ziyalı olaraq öz nümunəvi fəaliyyəti ilə gənclərimizin vətənpərvərvərlik ruhunda tərbiyə olunmasına, onların təhsilə maraqlarının artırılmasına və elmin cəmiyyətdə təbliğ olunmasına böyük töhfələr verir.
Fəaliyyətinin hər bir addımı xalqımıza və dövlətimizə dəyərli xidmət nümunələri ilə zəngin olan Ramin Məmmədovu 65 İllik Yubileyi münasibətilə ürəkdən təbrik edir, Ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV