Yanvar ayının 24-də Zərdab Rayon Ağsaqqallar Şurasının sədri Rasim Hüseynovun 70 yaşı tamam olur.
Rasim Hüseynov daim yaxşılığın keşiyində dayanan ləyaqətli, yüksək mənəviyyata malik vətənpərvər pedaqoq, zəhmətkeş fəaliyyəti, xoşməramlı işləri ilə insanların hörmət və sevgisini qazanan dəyərli ağsaqqaldır. Uzun illər ərzində öz müqəddəs peşəsinə göstərdiyi fədakarlıq, gənc nəslin sağlamlığı və inkişafı üçün etdiyi xidmətlər hər zaman yüksək qiymətləndirilmişdir. Həyatı boyunca daim xalqımızın və dövlətimizin mənafeyini hər şeydən üstün tutan, mənəvi saflığa və vətəndaş böyüklüyünə sahib olan Rasim Hüseynov səmərəli ictimai-pedaqoji fəaliyyəti, prinsipiallığı və xeyirxah əməlləri ilə ona göstərilən etimadı layiqincə doğrultmuşdur. Fəaliyyət göstərdiyi dövrdə təhsil sahəsində qazandığı uğurlara görə “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanına , “Fəxri bədən tərbiyəsi və idman işçisi” adına, Həmkarlar İttifaqının “Yubiley döş nişanı”na və bir sıra digər nüfuzlu mükafatlara layiq görülmüşdür. Faydalı, mənalı və şərəfli ömür sürən alicənab ziyalı, dəyərli ağsaqqal Rasim Hüseynov üçün ən böyük mükafat Zərdab rayonu əhalisinin ona olan yüksək hörmət və sevgisidir.
Ümummilli Liderimiz Heydər Əliyevin müdrik siyasətini qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daha da inkişaf etdirdiyi Azərbaycanın çiçəklənməsi naminə Rasim müəllim bu gün də yüksək əzmkarlıq nümayiş etdirir. Zərdab Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik ziyalı, nüfuzlu şəxsiyyət kimi ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək, öz şərəfli ağsaqqallıq missiyasını uğurla həyata keçirməklə Azərbaycan dövlətçiliyinin tərəqqisinə, cəmiyyətimizin, xüsusilə də gənc nəslin vətənpərvərlik və milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə, mənəvi və fiziki cəhətdən sağlam inkişafına dəyərli töhfələr verir.
Şərəf və vicdanla yaşadığı ömrünün müdriklik zirvəsində olan Rasim Hüseynovu 70 illik əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili,
professor Eldar QULİYEV