Xəbərlər

Rayon və şəhər Ağsaqqallar Şuralarının üzvləri 27 sentyabr – Anım günü münasibətilə keçirilmiş tədbirlərdə iştirak ediblər

Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatları möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin sərəncamı ilə Anım Günü günü kimi qeyd olunan 27 sentyabr tarixində keçirilmiş tədbirlərdə yaxından iştirak ediblər.
Ölkəmizin bütün şəhər və rayonlarında Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları İcra Hakimiyyətləri, YAP, Veteranlar təşkilatı və digər qurumlarla birlikdə xalqımızın qüruru və fəxri olan şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq keçirilən anım tədbirlərində geniş tərkibdə (idarə heyətinin üzvləri, ərazi təşkilat sədrləri, nüfuzlu din xadimləri və hörmətli el ağsaqqalları) iştirak etmişlər. Şəhid ailələrinin üzvlərinin, qazilərin, müharibə iştirakçılarının və digər ictimaiyyət nümayəndələrinin də qatıldığı bu tədbirlər zamanı Şəhidlər Xiyabanı, şəhid məzarları, qəhrəmanlarımızın  xatirəsini əbədiləşdirmək üçün ucaldılmış abidələr, salınmış parklar ziyarət edilmiş, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş igid Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülmüş, ruhlarına dualar oxunmuşdur. Həmçinin şəhidlərin xatirəsinə ehsan süfrələri təşkil olunmuş, rəsm sərgiləri nümayiş etdirilmiş, ağacəkmə aksiyası keçirilmiş, tələbələrin və şagirdlərin ifasında şəhidlərimizə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmişdir. Saat 12:00-da bütün şəhər və rayonlarımızda şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım günləri tədbirlərində digər natiqlərlə yanaşı, ağsaqqallar da əhali qarşısında şəhidlərimizin qəhrəmanlığından ətraflı söz açmış, onların əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulamışlar. Bildirmişlər ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı sözün həqiqi mənasında birlik nümayiş etdirərək böyük Zəfər qazanmış və bu möhtəşəm Qələbə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə igid hərbçilərimizin, o cümlədən qəhrəman gənclərimizin göstərdiyi şücaət əsl vətənpərvərlik nümunəsi olmuşdur. Həmçinin çıxışlar zamanı şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının üzvləri, habelə digər ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər Xiyabanının ziyarəti gün ərzində davam etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.