Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin başçılığı ilə təşkilatın rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Türkmənistanın sabiq prezidenti və Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistana işgüzar səfərə gedib.
May ayının 12-də Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin binasında Azərbaycan nümayəndə heyətini qəbul edib. Sonra digər ölkələrin də rəsmi şəxslərinin, o cümlədən ictimaiyyət nümayəndələrinin iştirakı ilə böyük iclas keçirilib. İclasda çıxış edən Eldar Quliyev göstərilən isti münasibətə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək Qurbanqulu Berdiməhəmmədovu və Türkmənistan xalqını salamlayıb. İki ölkə arasındakı sarsılmaz qardaşlıq və əbədi dostluq barəsində fikirlərini bildirən natiq qardaş Türkmənistanın hər zaman ölkəmizi dəstəklədiyini məmnunluq hissi ilə qeyd edib. Eldar Quliyev Qurbanqulu Berdiməhəmmədovun Türkmənistan ağsaqqalı olaraq Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasına üzv seçilməsini yüksək dəyərləndirib və onun Türk dünyasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə çoxşaxəli əməkdaşlığın dərinləşməsinə böyük töhfə verəcəyinə əminliyini ifadə edib. Çıxışdan sonra Eldar Quliyev Türkmənistan və Azərbaycan Respublikaları arasındakı dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Qurbanqulu Berdiməhəmmədovu “Fəxri Ağsaqqal” ordeni ilə təltif edib. Qurbanqulu Berdiməhəmmədov göstərilən diqqətə və fəxri mükafata görə öz təşəkkürünü bildirərək ölkələrimiz arasındakı münasibətlərin gələcəkdə də yüksələn xətlə inkişaf edəcəyini vurğulayıb. İclasdan sonra Azərbaycan nümayəndə heyəti ilə görüş dəyirmi masa ətrafında davam etdirilib və maraqlı fikir mübadiləsi aparılıb.
Axşam nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət verilib. Ziyafətdən sonra heyət üzvləri Türkmənistan Dram Teatrında Qurbanqulu Berdiməhəmmədovun əsəri əsasında hazırlanan tamaşada iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə Respublika Ağsaqqallar Şurasının sədr müavinləri, millət vəkili, professor Eldar İbrahimov və professor Vahid Novruzov, həmçinin Aparat rəhbəri Ramin Həsənli daxildir.
Səfər haqqında daha geniş məlumat veriləcəkdir.
Respublika Ağsaqqallar Şurası sədrinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Türkmənistana səfər edib
- 13-05-2022
- [15:15]
- [ ]
13
May