Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycanın ilk Ombudsmanı, professor Elmira Süleymanovanın 85 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, İnsan hüquqları üzrə keçmiş müvəkkili (sabiq Ombudsman), kimya elmləri doktoru, professor Elmira Süleymanovanın 85 illik yubileyi ilə əlaqədar onun çalışdığı Azərbaycan Ağsaqqallar Şurasında tədbir keçirilib.
Görkəmli ictimai xadimi, tanınmış alimi əlamətdar yubileyi münasibətilə təbrik edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev vurğulayıb ki, ulu öndər Heydər Əliyev respublikamızda Ombudsman institutunu yaratdıqdan sonra bu vəzifəyə ən uğurlu namizəd olaraq Elmira Süleymanova layiq görülüb. Elmira xanım Azərbaycanın ilk Ombudsmanı olaraq 17 il ərzində ölkəmizdə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsi sahəsində xalqımıza dəyərli xidmətlər göstərib. Qeyd olunub ki, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini olaraq Elmira Süleymanova bu gün də nüfuzlu bir şəxsiyyət kimi nümunəvi fəaliyyəti ilə xalqımıza, dövlətimizə böyük xidmətlər göstərir, cəmiyyətimizin inkişafında, gənclərimizin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetiririr. Eldar Quliyev Elmira xanımın həm də gözəl ailə başçısı, mehriban ana və nəvazişli nənə olduğunu qeyd edərək bir daha bütün İdarə Heyətinin üzvləri adından onu təbrik edib, uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Elmira Süleymanovanı nüfuzlu ictimai xadim və gözəl xasiyyətli bir xanım kimi dəyərləndirən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov onun uzunmüddətli və səmərəli ombudsmanlıq fəaliyyətini xüsusi vurğulayıb. O bildirib ki, Elmira Süleymanova hər zaman köməyə ehtiyacı olanların yanında olub və onlara təkcə Ombudsman kimi deyil, mehriban ana, şəfqətli bacı kimi yanaşıb, problemlərinin həllində əlindən gələni əsirgəməyib. Özünün də hər zaman Elmira xanıma doğma bir insan kimi münasibət bəslədiyini qeyd edən Tahir Süleymanov yubilyarı səmimi qəlbdən təbrik edərək ona tükənməz xoşbəxtlik, möhkəm cansağlığı və işlərində müvəffəqiyyətlər diləyib.
Elmira Süleymanovanın ictimai fəaliyyəti yanaşı elmi fəaliyyətini də yüksək qiymətləndirən Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə bildirib ki, o həm ombudsman, həm də elm xadimi kimi nümunəvi fəaliyyətilə hər zaman xalqımıza, dövlətimizə böyük xidmətlər göstərib. 60 ilə yaxındır tanıdığı Elmira xanımın Azərbaycan elminə verdiyi töhfələrdən bəhs edən akademik vurğulayıb ki, o, görkəmli bir alim kimi elmimizin inkişafı sahəsində səmərəli fəaliyyət göstərərək, bir çox dəyərli elmi əsərlər yazmış, ölkəmiz üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında yaxından iştirak etmişdir. Elmira Süleymanovanın Ombudsman kimi 17 illik fəaliyyəti dövründə bir çox nailiyyətlərə imza atdığını vurğulayan Ziyad Səmədzadə onu ad günü münasibətilə ürəkdən təbrik edərək, gələcək çoxşaxəli fəaliyyətində davamlı uğurlar arzu edib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov isə öz çıxışında Elmira Süleymanovanın yüksək işgüzarlığından, insan hüquqları, o cümlədən elm sahəsində ölkəmizdə və xaricdə böyük nüfuz qazanmasından bəhs edib. O vurğulayıb ki, bu gün Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində yaxından iştirak edən Elmira xanımın şərəfli və fədakar ömür yolu, mənəvi saflığı və vətəndaş böyüklüyü cəmiyyətimiz, xüsusilə də gənclərimiz üçün bir örnək, nümunə məktəbidir. Ona bu məhsuldar ömür yolunda uğurlar arzulayan Vahid Novruzov Elmira xanımı 85 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək, möhkəm cansağlığı və xoşbəxtlik diləyib.
Elmira Süleymanovanının uzun illərdir ki, cəmiyyətimiz tərəfindən nüfuzlu alim, görkəmli ictimai xadim kimi tanındığını və yüksək qiymətləndirildiyini qeyd edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov da onun insan hüquqlarının qorunması sahəsindəki dəyərli xidmətlərindən, həmçinin səmərəli elmi fəaliyyətindən minnətdarlıq hissi ilə bəhs edib. Bayram müəllim bildirib ki, Elmira xanımın uğurlu ombudsmanlıq fəaliyyəti olub və çox sevindirici haldır ki, o bu gün də yüksək enerjiyə malik ictimai xadim kimi fəaliyyətini Azərbaycan Ağsaqqallar Şurasında böyük əzmkarlıqla davam etdirir. Daha sonra Bayram Yusifov yubileyi münasibətilə Elmira Süleymanovanı ürəkdən təbrik edərək, ona ən xoş arzularını bildirib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycanın ilk Ombudsmanı, kimya elmləri doktoru, professor Elmira Süleymanova ona göstərilən diqqətə, xoş sözlərə və gözəl arzulara görə hər kəsə öz minnətdarlığını bildirərək fəaliyyəti dövründə ulu öndər Heydər Əliyevlə bağlı olan xatirələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, həm ümummilli lider Heydər Əliyevlə, həm də onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə çalışdığı üçün çox xoşbəxt olduğunu və bundan xüsusi qürur duyduğunu ifadə edib. Azərbaycan Ağsaqqallar Şurasında Vətənimizin daha da çiçəklənməsi naminə bundan sonra da var qüvvəsi ilə çalışacağını bildirib.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev və digər tədbir iştirakçıları Elmira Süleymanovaya gül dəstələri və hədiyyələr təqdim ediblər. Sonda xatirə şəkli çəkdirilib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, habelə təşkilatın digər rəsmi şəxsləri Rafiq Rzayev və Elşad Quliyev də iştirk ediblər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.