Xəbərlər

“Tarixi Zəfərimiz” adlı tədbir keçirilib

Azərbaycan xalqı bu günlərdə yüksək bayram əhval-ruhiyyəsindədir. Ölkəmizdə Zəfər Günü ilə bağlı bayram tədbirləri davam edir. Torpaqlarımızın iğaldan azad edilməsi ilə qazanılan böyük Qələbənin ikinci ildönümü respublikamızın şəhər və rayonlarında böyük coşqu ilə qeyd olunur. Bu tədbirlərdə hər bir vətəndaşımız kimi ağsaqqallarımız, ağbirçəklərimiz da yaxından iştirak edirlər.
Belə bir bayram tədbiri “Azərbaycan Qadın və İnkişaf Mərkəzi”ndə də keçirilib. Mərkəzin rəhbəri, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, ölkəmizin ilk ombudsmanı, professor Elmira Süleymanovanın təşkilatçılığı ilə keçirilən “Tarixi Zəfərimiz” adlı bu möhtəşəm tədbirdə aralarında şəhid ailə üzvlərinin, bir çox tanınmış şəxslərin və qonaqların yer aldığı 100 nəfərə yaxın qadın və gənc iştirak edib.
Qeyd edək ki, Mərkəzin nəzdində “Ahıl qadınlar” və “Azərbaycan Uşaqlarının və Gənclərinin Sülh Şəbəkəsi”nin “Liderlik” məktəbi də fəaliyyət göstərir.
Tədbirdə Dövlət Himni səsləndikdən sonra bu Zəfər sevincini bizə yaşadan, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmira Süleymanova tədbir iştirakçılarını salamlayaraq onları və bütün Azərbaycan xalqını öz adından və təmsil etdiyi Respublika Ağsaqqallar Şurasının üzvləri adından qarşıdan gələn 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edib. Sonra gündəlikdə olan məsələləri və tədbirə dəvət olunmuş şəxsləri – mərkəzin yetirməsi, şəhid Davud Qurbanovun anası Qənirə Hacıyevanı, “Yaşat” fondunun nümayəndəsi Rəbiyyə Cəfərovanı, Moskvadan, Sankt-Peterburqdan, İrkutskdan, Xarkovdan gəlmiş qonaqları, “Xan Qızı Natavan” Dostlar Birliyinin üzvlərini tədbir iştirakçılarına təqdim edib.
Xalqımızın birliyindən, yenilməz Sərkərdə, müzəffər Ali Baş Komandan İlham Əliyevin əvəzolunmaz xidmətlərindən, qüdrətli Ordumuzun döyüş təcrübəsindən bəhs edən Elmira Süleymanova qazanılan Zəfərin xalqımız üçün dəyərini göz önündə canlandırıb.
Elmira xanım, həmçinin, vurğulayıb ki, mütəmadi olaraq ziyarət etdiyimiz, şəhidlərimizin uyuduğu müqəddəs məkan – Şəhidlər Xiyabanı Azərbaycan xalqının and yerinə, qürur mənbəyinə çevrilib. O, Vətənimizin, topaqlarımızın azadlığı, müstəqilliyi uğrunda canını fəda etmiş övladlarımızın, əbədiyyətə qovuşmuş qəhrəmanlarımızın müqəddəs ruhları qarşısında dərin ehtiramını bildirib və gənc nəslin vətənpərvərlik ruhunda böyütməyin əhəmiyyətindən danışıb.
Şəhid Davud Qurbanovun anası Qənirə xanım öz çıxışında oğlunu “Elin Oğlu” adlandıraraq tədbirdə nikbin əhval-ruhiyyə yaradıb. “Yaşat” fondunun nümayəndəsi Rəbiyyə Cəfərova şəhid ailələrinə, qazilərə yaradılan dövlət qayğısından ətraflı məlumat verərək, bu işlərin həyata keçirilməsində bilavasitə iştirak etdiyinə görə böyük qürur duyduğunu vurğulayıb. Mərkəzin üzvü, bu günlərdə 70 illik yubleyini qeyd edən həkim-ginekoloq Sədaqət Qurbanovanın ürəkdən söylədiyi bayatılar, mərkəzin gəncləri – Həsən Əlizadə, Ayla Şirəliyeva və Nəzrin Bədəlzadənin Vətənə, şəhidlərə, qəhrəmanlara həsr olunmuş şeirləri tədbirə gözəl rəng qatıb.
Mərkəzin üzvü Sərdar Dəmirovun ifasında sevilən şair Cabir Novruzun “Sevin Azərbaycanı” şeiri alqışlarla qarşılanıb.
Psixoloji Mərkəzin rəhbəri Aynur Musayeva və “Sara Xatun” Mədəni Maarifçilik İctimai Birliyinin sədri Pərvanə Mustafayeva belə tədbirlərin böyük əhəmiyyətə malik olduğunu qeyd edərək, “Sara Xatunun əsli və nəsli: bayandurlar” kitabını Elmira Süleymanovaya hədiyyə ediblər.
Tədbirdə, həmçinin, şəhid general Polad Həşimov və mərkəzin yetirmələri, şəhidlərimiz – Davud Qurbanov və Sübhan Əbdürrəhmanlıdan bəhs edən videoroliklər izlənilib. Tədbir şəhidlərimiz üçün verilən ehsan süfrəsi ilə davam edib.
“Tarixi Zəfərimiz” adlı tədbir haqqında məlumat “Dövlət və qanun” qəzetində də verilib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.