Nəzarət-Təftiş Komissiyası

Abdullayev Saleh Nəcəfqulu oğlu – üzv

Abdullayev Saleh Nəcəfqulu oğlu 16 yanvar 1946-cı ildə Hacıqabul şəhərində anadan olmuşdur. 1963-cü ildə Hacıqabul şəhər orta məktəbinin 10-cu sinfini bitirmiş, həmin ildə imtahanları müvəffəqiyyətlə verərək Azərbaycan Politexnik İnstitutunun “İnşaat” fakultəsində tələbəlik həyatına qədəm qoymuşdur. Hələ tələbə ikən paralel olaraq, 3 il müddətində tikinti sahələrində fəhlə kimi çalışmışdır. 1968-ci ildə Politexnik İnstitutunu bitirərək, inşaat mühəndisi ixtisasına yiyələnmişdir. Həmin ilin avqust ayında təyinatla Azərbaycan Respublikası Sənaye Tikinti Nazirliyinin sərəncamına göndərilmişdir. 19 il ərzində həmin nazirliyin Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif təşkilatlarında tikinti ustası vəzifəsindən başlayaraq iş icraçısı, sahə rəisi, eləcə də 8 saylı Trestin baş mühəndisi və trest müdiri kimi müxtəlif vəzifələrdə əmək fəaliyyətini davam etdirmişdir. 1982-ci ildən etibarən Nazirliyin Sumqayıt şəhərində yerləşən təşkilatlarında bir sıra vəzifələrdə, o cümlədən 1 saylı Trestin 11 saylı Tikinti İdarəsinin rəisi, 1 saylı Ağac Emalı Zavodunun direktoru, Sumqayıt Evtikmə Kombinatında rəis müavini vəzifələrində çalışmışdır.

Salaeh Abdullayev 1987-ci ildən Kənd Təsərrüfatı Tikintisi Nazirliyində Tikinti Materialları Sənayesi Trestinin baş mühəndisi və 1988-ci ildən 2008-ci ilə qədər həmin nazirliyin 1 saylı Ağac Emalı Zavodunun direktoru vəzifəsində çalışmışdır. Müəssisə 2001-ci ildə səhmdar cəmiyyətə çevrildikdən sonra da həmin cəmiyyətin İdarə Heyətinin sədri kimi fəaliyyətini davam etdirmişdir.

Əmək fəaliyyəti dövründə baş podratçı təşkilatının rəhbəri, sahə rəisi olaraq bir çox əhəmiyyətli tikintilərin inşasında fəaliyyət göstərmişdir. Bunlardan H. Əliyev adına Dərin Özüllər Zavodunun, Sumqayıt Kimya Kombinatının və “Azərnəşr”in yeni binasının tikintisini, həmçinin bir neçə mikrorayonun, eləcə də xeyli sosial obyektlərin inşasını göstərmək olar.

Tikinti Sənayesi müəssisəsi olan Ağac Emalı Zavodunun rəhbəri kimi 20 ilə yaxın fəaliyyəti zamanı Bakı şəhərində, eləcə də respublikanın bütün başqa rayonlarında gedən tikinti obyektlərinin kompleksləşdirilməsi vaxtında təmin edilmişdir. Dəfələrlə rayon xalq deputatı və Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.

Hələ 1990-cı ildən rəhbəri olduğu 1 saylı Ağac Emalı Zavodu icarə müəssisəsi kimi qeydə alınmış və fəaliyyət göstərmişdir. 1991-ci ildən Azərbaycan-Türkiyə “Xəzər” Birgə Müəssisəsini yaratmaqla zavoda müasir avadanlıqların gətirilməsinə nail olmuşdur. Özəlləşmə prosesi başlayandan sonra müəssisəni açıq tipli səhmdar cəmiyyətə çevirmiş və 2001-ci ildən etibarən kollektiv özəlləşdirməni təmin etmişdir. Hal-hazırda müəssisə yüz faizli özəl təşkilatdır. Saleh Abdullayev həmin cəmiyyətin əsas səhmdarı olmaqla yanaşı, həm də İdarə Heyətinin sədri kimi əmək fəaliyyətini davam etdirmişdir.

2008-ci ildən – M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyətə başladığı vaxtdan indiyə qədər orada təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışır.

Texniki elmlər doktorudur, Rusiya Federasiyası Mühəndislik Akademiyasının həqiqi üzvüdür.

Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvüdür.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.