İyul ayının 5-də Abşeron Rayon Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilib. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Respublika Ağsaqqallar Şurasınun məsul işçisi Elşad Quliyev, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.
Konfransda Vətən uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Respublika Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayıb. Öz çıxışında o vurğulayıb ki, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qələbə qazandıqdan sonra işğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdışla bağlı fikirlərini bildirən natiq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində soydaşlarımız öz dədə-baba yurdlarına gözlənildiyindən daha tez qayıdacaqlar. Bu istiqamətdə işlərin sürətlə görüldüyünü, bütün lazımi tədbirlərin reallaşdırıldığını, zəruri addımların atıldığını önə çəkən millət vəkili əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv seçildikdən və quruma sədrlik etdikdən sonra böyük naliyyətlər qazanılıb. Belə ki, hazırda rəsmi Bakının təklifi ilə Hərakatın Parlament Şəbəkəsi yaradılır. Bu da ölkələr arasında əlaqələrin daha da inkişaf etməsinə səbəb olacaq.
Eldar İbrahimov onu da qeyd edib ki, Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin başçılığı ilə təşkilatda böyük canlanma yaşanır, bir çox əhəmiyyətli işlər həyata keçirilir, həmçinin beynəlxalq əlaqələr möhkəmləndirilir. Son bir il ərzində Şuranın rəhbərliyinin Türkiyədə və Türkmənistanda işgüzar səfərlərdə olduğunu bildirən natiq Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri, Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırımla, Türkmənistanın sabiq prezidenti və Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla və digər rəsmi şəxslərlə çox səmərəli və maraqlı görüşlərin keçirildiyini vurğulayıb.
Sonra Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayevin hesabat məruzəsi dinlənilib. Məruzəçi rayon ağsaqqallarının respublikamızın əldə etdiyi bütün nailiyyətlərin, o cümlədən möhtəşəm Qələbənin, torpaqlarımızın işğaldan azad olunmasının, aparılan böyük quruculuq işlərinin geniş təbliğ olunmasında yaxından iştirtak etdiklərini və gənclərimizin maarifləndirilməsi istiqamətində əllərindən gələni əsirgəmədiklərini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Həmçinin şəhid ailələrinə və qazilərə hər zaman böyük diqqət və qayğı göstərildiyini vurğulayaraq gələcəkdə, koronovirus pandemiyasından sonra işlərini daha səmərəli quracaqlarını bildirib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev öz çıxışında Azərbaycanın 44 günlük Vətən Müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbədən, şanlı Ordumuzun göstərdiyi şücaətdən danışıb. İcra başçısı bildirib ki, müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, dəmir iradəsi və qətiyyətli qərarları sayəsində xalqımız düşmən üzərində tam qələbə qazanaraq öz dədə-baba torpaqlarına qovuşdu. Bununla da 30 illik vətən həsrətinə, düşmən işğalına son qoyuldu. Abşeron rayonunda görülən işlərdən və bundan sonra həyata keçirilməli olan layihələr barəsində söz açan icra başçısı əhalinin surətli artımı nəticəsində rayon ərazisində ortaya çıxan məsələlər barəsində ətraflı məlumat verib. Rayonun problemlərinin dərindən araşdırıldığını vurğulayan Abdin Fərzəliyev onların həlli istiqamətində təkliflərin hazırlandığını qeyd edib. O, ağsaqqalların rayonun ictimai-mədəni həyatında mühüm rol oynadıqlarını bildirərək gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Sonra çıxış edən rayon ağsaqqalları və digər natiqlər illik hesabatı məqbul hesab edərək ölkəmizin hər bir bölgəsində ağsaqqallara göstərilən hörmətə, onlara ayrılan diqqət və qayğıya, o cümlədən belə əhəmiyyətli tədbirlərin keçirilməsinə görə öz minnətdarlıqlarını bildiriblər.
Konfrans iştirakçıları tədbirin sonunda xatirə şəkli çəkdiriblər.