Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurası İkinci Şəhidlər Xiyabanını ziyarət edib

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavinləri – deputat Eldar İbrahimov, Elmira Süleymanova, Bayram Yusifov, Vahid Novruzov, İdarə Heyətinin üzvləri – Akif Rəfiyev, Arif Həşimov, Misir Mərdanov, İbrahim Quliyev, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Azərbaycanın Milli Qəhrəmanı, şəhid-polkovnik Şükür Həmidovun atası Nəriman Həmidov, həmçinin təşkilatın Aparat rəhbəri Ramin Həsənli, Böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev və Mətbuat katibi Rafiq Rzayev İkinci Şəhidlər Xiyabanını ziyarət ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün təmin edilməsi  uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və ruhlarına dualar oxunub. Sonra İkinci Şəhidlər Xiyabanında uyuyan bütün şəhidlərimizin – Vətənimizin müdafiəsi və işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin məzarları ziyarət edilib, üzərlərinə gül dəstələri düzülüb.

İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş polkovnik, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun məzarı başında atası, Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Nəriman Həmidov qısa nitq söyləyərək uca Allahdan şəhidlərimizə rəhmət diləyib. Qeyd edib ki, Şükürün və şücaəti, mərdliyi ilə gənc nəslə örnək olan bütün şəhidlərimizin ən böyük arzusu torpaqlarımızı düşmən tapdağından azad edərək şanlı bayrağımızı doğma yurd-yuvamızda ucaltmaq idi. Onlar öz canları bahasına bu arzularına çatdılar. Nəriman Həmidov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz təşəkkürünü bildirərək xalqımızın  hər zaman onun ətrafında sıx birləşdiyini bildirib.

Ziyarət iştirakçıları Nəriman Həmidova və onun timsalında bütün şəhid valideynlərinə belə mərd, igid və Vətənə sadiq övladlar yetişdirdiklərinə görə öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.