Azərbaycan Ağsaqqallar Şurası təşkilatın sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə Ramazan bayramı münasibətilə Sabunçu rayonunun Nardaran, Maştağa, Bilgəh və Zabrat qəsəbələrində yaşayan sakinlər, o cümlədən ağsaqqallar, şəhid ailələri, qazilər, aztəminatlı ailələr üçün bayram süfrəsi təşkil edib.
Ənənəvi olaraq keçirilən bayram mərasimində Eldar Quliyevlə yanaşı Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, mətbuat katibi Rafiq Rzayev və digər məsul şəxslər iştirak ediblər.
1000-ə yaxın sakinin iştirakı ilə keçirilən bayram mərasimi qadınlar üçün Maştağa Cümə məscidində, kişilər üçün isə “Görüş” sadlıq sarayında hazırlanıb.
Din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunduqdan sonra mərasimdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev hər kəsi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. Pandemiya səbəbindən son 2 ildə bu cür bayram mərasimlərinin keçirilmədiyini təəssüflə qeyd edən natiq uzun illərdir yaşadılan bu gözəl ənənənin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Hər zamankı kimi şəhid ailələrinə və qazilərimizə dərin hörmət və ehtiramını ifadə edən Eldar Quliyev bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında rəşadətli Ordumuzun qazandığı böyük Zəfər sayəsində biz bu gün bu mərasimdə əvvəlki tədbirlərdən fərqli olaraq qalib ölkənin qürurlu vətəndaşları kimi iştirak edirik.
Mərasimdə iştirak edənlər xalqımızın bütün təbəqələrinin böyük rəğbətini və sevgisini qazanan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Eldar Quliyev başda olmaqla Respublika Ağsaqqallar Şurasına və mərasimin təşkil edilməsində əziyyəti olan hər bir kəsə öz təşəkkürlərini bildiriblər.
Bayram günündə gələcəyimiz olan uşaqlar da unudulmayıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bərpa və yenidənqurma işləri aparılmış 1 saylı uşaq somatik sanatoriyasında müalicə alan uşaqlara bayram hədiyyələri, yemək, ərzaq və oyuncaqlar göndərilib.