Sentyabr ayının 13-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində növbəti dəfə hərbi təxribat törətməyə cəhd ediblər. Lakin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qurucusu olduğu müasir, güclü, nizamlı və rəşadətli Azərbaycan Ordusu düşmənə tutarlı cavab verərək ona ağır zərbələr vurub və müdafiə məqsədilə uğurlu əks-hücumlar həyata keçirib.
Böyük təəssüf hissi ilə qeyd etməliyik ki, düşmən atəşi nəticəsində hərbçilərimiz arasında şəhidlərimiz və yaralananlar var və bu bizi – Azərbaycan ağsaqqallarını dərindən sarsıdır. Faşist xislətli Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş qəhrəman əsgər və zabitlərimizə Allahdan rəhmət diləyir, onların ailələrinə, valideynlərinə, doğmalarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, səbr diləyirik! Uca Allahdan yaralı hərbçilərimizə, qazilərimizə şəfa arzulayırıq!
Beynəlxalq hüquq normalarına, Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyərək təxribatlara əl atmaqla dəfələrlə atəşkəsi pozan mənfur qonşularımız öz həmişəki xain xislətlərinə sadiq qalaraq yenə hərbi cinayətlər törədirlər. Görünən odur ki, Ermənistan 2020-ci il sentyabr ayının 27-də şanlı Azərbaycan Ordusunun cəbhəboyu genişmiqyaslı əks-hücum əməliyyatları ilə başlayan 44 günlük Vətən müharibəsində dəmir yumruğun sarsıdıcı zərbələrindən nəticə çıxarmayaraq, yenə də ölkəmizə qarşı işğalçılıq siyasəti yürüdürlər.
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin başçılığı altında rəşadətli Ordumuzun gücü və qüdrəti nəticəsində Dağlıq Qarabağ münaqişəsinin öz ədalətli həllini tapması, işğaldan azad edilmiş torpaqlarımızın minalardan təmizlənərək, orada möhtəşəm bərpa-quruculuq işlərinin aparılması, dinc sakinlərimizin öz tarixi yurd-yuvalarına geri dönmələri və ümumiyyətlə, bölgədə sülhün bərqərar olması ilə barışa bilməyən ermənilər hərbi-siyasi müstəvidə növbəti məkrli təxribatlar törədirlər. Müəyyən xarici qüvvələrin Xankandinə köçən rusiyalı erməni milyader Vardanyan və onun kimiləri ilə birgə Azərbaycan əleyhinə müxtəlif planlar hazırlamaları, münaqişənin davam etdirilməsində maraqlı olmaları da bizə qarşı aparılan qəsbkarlıq siyasətinin bir nümunəsidir.
Bu ağır və məsuliyyətli günlərdə Azərbaycan Ağsaqqallar Şurası Ermənistanın ona havadar qüvvələrlərin köməkliyi ilə həyata keçirdiyi növbəti təcavüzkar hərbi-siyasi təxribatını qətiyyətlə pisləyir, dünya dövlətlərini və beynəlxalq təşkilatları əzəli-əbədi torpaqlarımızda sülhün, əmin-amanlığın bərpa edilməsinə dəstək verməyə çağırır, həmçinin bütün xalqımıza səslənərək, onları daha da ayıq-sayıq olmağa, xüsusilə antiazərbaycan qüvvələrin təxribatlarına uymamağa dəvət edirik.
Bu çətin dönəmdə hər bir Azərbaycan vətəndaşı kimi biz ağsaqqallar da daha böyük məsuliyyətlə fəaliyyət göstərməli, Vətənimizin bütövlüyü uğrundakı bu mübarizədə bir əsgər kimi öz mövqeyimizdə daha əzmlə çalışmalıyıq. Azərbaycanın ən tarixi məqamlarında hər zaman cəmiyyətin önündə olmuş Respublika Ağsaqqallar Şurası, onun hər bir üzvü dövlətimizin, Silahlı Qüvvələrimizin və onun Ali Baş Komandanı cənab İlham Əliyevin yanındadır və biz əminik ki, həmişə olduğu kimi indi də bütün xalqımız və rəşadətli Ordumuz milli həmrəylik göstərərək düşmənə layiqli cavab verəcəkdir. Qələbə bizimlədir, çünki bizim işimiz haqq işidir!
Allah şanlı Ordumuzu və Ali Baş Komandanımız cənab İlham Əliyevi qorusun!
Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV