Yanvarın 13-də Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin başçılığı ilə keçirilən iclasda sədrin birinci müavini, deputat, akademik Əhliman Əmiraslanov, müavinlər – deputat, professor Eldar İbrahimov, professor Elmira Süleymanova, Bayram Yusifov, Tahir Süleymanov, professor Vahid Novruzov, həmçinin respublikamızın bir sıra şəhər və rayonlarının Ağsaqallar Şuralarının sədrləri, o cümlədən Şuranın Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev və mətbuat katibi Rafiq Rzayev iştirak ediblər.
İclasda Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Eldar Quliyev tədbir iştirakçılarını salamlayaraq ölkəmizdə, xüsusilə də işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuq işlərindən bəhs edib. O bildirib ki, bu gün həmin torpaqlarda aparılan işlərə sərmayə qoyuluşunun 80-90 %-ni Azərbaycan öz hesabına həyata keçirir ki, bu da bir daha dövlətimizin malik olduğu iqtisadi qüdrəti göstərir. Bütün dünyada olduğu kimi ölkəmizdə də koronovirus pandemiyasının davam etdiyini xatırladan Eldar Quliyev bu xəstəliklə mübarizədə aparılan maarifləndirmə işlərində ağsaqqalların da üzərinə müəyyən vəzifələrin düşdüyünü bildirib. O qeyd edib ki, şəhər və rayonlarda ağsaqqallarımız əhali ilə, xüsusilə də gənclərlə daha intensiv iş aparmalı, onların zərərli vərdişlərə aludəçiliyinin və digər neqativ halların qarşısının alınmağında yaxından iştirak etməlidirlər. 2022-ci ilin xalqımız üçün daha uğurlu olacağına əminliyini bildirən Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında öz hesablarına 130-a yaxın şəhid ailəsinə və qazilərə, həmçinin aztəminatlı ailələrə ərzaq yardımı göstərildiyini qeyd edib. O vurğulayıb ki, bu diqqət və qayğı hər zaman davam etdiriləcəkdir. Artıq Azərbaycan Ağsaqqallar Şurasının 2022-ci il üçün iş planının hazırlandığını və bu fəaliyyət planının bütün şəhər və rayon təşkilatlarına göndəriləcəyini qeyd edən Eldar Quliyev yaz və yay aylarında ağsaqqalarla birgə Azərbaycanın dilbər guşəsi olan Qarabağa səfərlərin planlaşdırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Çıxışının sonunda natiq Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovu bu yaxınlarda qeyd etdiyi doğum günü münasibətilə bir daha bütün ağsaqqallar adından təbrik edərək ona ən xoş arzularını bildirib.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, professor Vahid Novruzov da tədbir iştirakşılarını salamlayaraq ad günü təbriklərinə görə hər bir kəsə öz xüsusi minnətdarlığını bildirib və öz növbəsində Yeni il münasibətilə tədbir iştirakşılarını təbrik edərək onlara 2022-ci ildə daha böyük uğurlar arzulayıb. O, iclasda iştirak edən və iş bölgüsü əsasında nəzarət etdiyi şəhər və rayon təşkilatlarının sədrlərini şəxsən tanıdığını və onların nəinki öz bölgələrində, həm də bütün Azərbaycanda tanınan nüfuzlu, hörmətli şəxslər olduğunu bildirib. Onların cari ildə daha səmərəli fəaliyyət göstərəcəklərinə əmin olduğunu qeyd edib.
Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Tahir Süleymanov tədbir iştirakçılarını yeni – 2022-ci ilin gəlişi münasibətilə təbrik edərək onlara hər zaman ən gözəl nemət olan sağlamlıq və müvəffəqiyyətlər diləyib. Tahir Süleymanov da iş bölgüsü əsasında nəzarət etdiyi şəhər və rayon təşkilatlarının yaxından tanıdığı bütün sədrlərini ağsaqqallara təqdim edərək onların haqqında layiq olduqları ən xoş sözləri dilə gətirib. O, gənclərlə aparılan işlərin daha da artırılmasından danışaraq bu sahədə, əsasən də bölgələrdə hərtəfli maarifləndirici fəaliyyətin həyata keçirilməsinin vacibliyini qeyd edib. Natiq həmçinin vurğulayıb ki, biz ağsaqqallar ölkəmizin ictimai-siyasi həyatında daha yaxından iştirak etməli, gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması işinə əlimizdən gələn köməkliyi göstərməliyik, çünki gənclər bizim gələcəyimizdir. Sonda Tahir Süleymanov belə gözəl tədbirlər təşkil etdiyinə görə Eldar Quliyevə öz minnətdarlığını bildirib.
Daha sonra çıxış edən Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov rayon ağsaqqalları adından hər kəsi salamlayaraq 44 günlük Vətən müharibəsindən və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfərdən bəhs edib. O, yaşadığı Ağdam rayonu gənclərinin də bu müharibədə yaxından iştirak edərək canlarını fəda etdiklərini bildirib. Əvəz Mikayılov dövlət başçısı cənab İlham Əliyevin Ağdama olan səfərindən danışaraq bir ağsaqqal kimi bu görüşdə etdiyi çıxışdan və xalqımıza böyük Qələbə sevincini yaşatdığına görə Müzəffər Ali Baş Komandana bildirdiyi minnətdarlıqdan da söhbət açıb. Natiq işğaldan azad olunmuş bütün torpaqlarımızda olduğu kimi Ağdamda da böyük vüsətlə quruculuq işlərinin getdiyini qeyd edib.
Tədbirdə çıxış edən digər şəhər və rayon sədrləri də öz fəaliyyətlərindən və gələcəkdə görüləcək işlərdən bəhs edərək bölgələrdə şəhid ailələrinin, qazilərin həmişə diqqət mərkəzində olduqlarını və ağsaqqalların da bu nəcib işlərdə yaxından iştirak etdiklərini bildiriblər. Onlar bundan sonra da ölkəmizin ictimai-siyasi və mədəni həyatında daim fəallıq göstərəcəklərini, öz gələcək fəaliyyətlərini daha da artırmaq əzmində olduqlarını qeyd ediblər.
Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev hər kəsə öz minnətdarlığını bildirərək tədbirdə iştirak edən şəhər və rayon sədrlərinə yeni vəsiqələrini təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.