Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Bakı, 9 may, AZƏRTAC

Mayın 8-də Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev, sədrin birinci müavini, deputat Əhliman Əmiraslanov, sədr müavinləri – deputat Eldar İbrahimov, Bayram Yusifov, Elmira Süleymanova, Tahir Süleymanov, Vahid Novruzov, həmçinin təşkilatın Aparat rəhbəri Ramin Həsənli və böyük məsləhətçi Kamal Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Azərbaycan Ağsaqqallar Şurasından AZƏRTAC-a bildirilib ki, Respublika Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin taleyindəki rolundan, müasir dövlətçilik fəlsəfəsindən danışıb. Sədr qeyd edib ki, Ulu Öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı bundan sonra da bu böyük məktəbdən, Ümummilli Liderin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq, Azərbaycan Heydər Əliyevin ideyaları əsasında, Prezident İlham Əliyevin rəhbərliyi ilə tərəqqi yolunda əmin addımlarla irəliləyərək yeni zirvələr fəth edəcək və yeni zəfərlər qazanacaq.

Ağsaqqallar Şurasının sədri bildirib ki, Ümummilli Liderin zəngin siyasəti bu gün də Azərbaycanın hərtərəfli inkişafına xidmət etməkdədir. Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin bünövrəsində də Ulu Öndərin əsasını qoyduğu milli birliyimiz – Xalq-Lider-Ordu həmrəyliyi dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara və müasir qlobal çağırışlara uyğun həyata keçirilən uğurlu siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycan bu gün dünyada güclü, nüfuzlu dövlət, sabitlik adası və dinamik inkişafa malik olan ölkə kimi tanınır.

Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Ulu Öndərin yaratdığı milli dövlətçilik ideyalarının təbliği istiqamətində yorulmaz fəaliyyətindən də bəhs edib. Qeyd olunub ki, Fond tərəfindən müasir dövrümüzdə milli-mənəvi dəyərlərin qorunub saxlanılması, sosialyönlü məsələlərin həlli ilə bağlı elm, təhsil, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilir. Məhz bu genişdiapazonlu fəaliyyət nəticəsində bu Fond Azərbaycanın hüdudlarından kənarda özünü təsdiqləyib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.