Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Anım günü ilə əlaqədar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Dekabrın 11-də Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev, sədrin birinci müavini, deputat Əhliman Əmiraslanov, sədr müavinləri – deputat Eldar İbrahimov, Elmira Süleymanova, Bayram Yusifov, Tahir Süleymanov, Vahid Novruzov, həmçinin İdarə Heyətinin üzvləri Arif Həşimov, Misir Mərdanov, Akif Rəfiyev, İbrahim Quliyev, o cümlədən təşkilatın Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev və Şuranın digər üzvləri ulu öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar Fəxri Xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin taleyindəki unudulmaz rolundan, milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyətindən bəhs edib. Sədr bildirib ki, xalqımız hər zaman ümummilli lider Heydər Əliyev məktəbindən, zəngin irsindən bəhrələnəcək və dahi rəhbərin ideyaları əsasında onun yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı altında daha böyük zəfərlər qazanacaqdır. Eldar Quliyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun geniş diapazonlu fəaliyyətindən də danışaraq, həmin təşkilat tərəfindən bir çox sosialyönümlü proqram və layihələrin uğurla həyata keçirildiyini vurğulayıb.