Xəbərlər

Azərbaycan regionda iqtisadi və hərbi cəhətdən ən güclü dövlətdir

Bu fikri Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şurada keçirilən iclas zamanı səsləndirib.

Dekabrın 8-də Eldar Quliyevin iştirakı ilə keçirilən toplantıda sədrin birinci müavini, deputat, akademik Əhliman Əmiraslanov, müavinlər – deputat Eldar İbrahimov, Elmira Süleymanova, Bayram Yusifov, Tahir Süleymanov, Vahid Novruzov,  həmçinin ölkəmizin bir sıra rayonlarının Ağsaqallar Şuralarının sədrləri, o cümlədən Şuranın Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev və mətbuat katibi Rafiq Rzayev iştirak ediblər.

İclasda Vətən uğrunda canlarından keçən şəhidlərimizin və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Eldar Quliyev tədbir iştirakçılarını salamlayıb və hələ də davam edən pandemiya səbəbindən bu cür toplantıların az-az keçirildiyini təəssüflə qeyd edib. XXI əsrin bəlası hesab edilən koronovirus pandemiyasına qarşı dövlətimiz tərəfindən təsirli tədbirlərin görüldüyünü xatırladan Eldar Quliyev bu xəstəliyə qarşı mübarizənin aparılması istiqamətində həyata keçirilən işlərdə ağsaqqalların da yaxından  iştirakının zəruri olduğunu vurğulayıb. O, bununla əlaqədar əhali arasında maarifləndirmə işinin aparılmasının,  karantin rejiminin bütün qaydalarına əməl etməklə yanaşı, pandemiyanın qarşısının alınmasının yalnız vaksinasiya vasitəsilə mümkünlüyünün təbliğ olunmasının  böyük əhəmiyyət daşıdığını qeyd edib. Daha sonra müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfərdən bəhs edən Eldar Quliyev işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizləndiyini və paralel olaraq orada hərtərəfli quruculuq işlərinin getdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qazanılan şanlı Qələbə və  həmin ərazilərdə gedən böyük işlər bir daha göstərdi ki, Azərbaycan regionda iqtisadi və hərbi cəhətdən ən güclü dövlətdir. Erkən nikahların hələ də davam etməsi, boşanmaların sayının artması və bu kimi digər problemlərə toxunan natiq bu sahədə  ağsaqqalların üzərinə ciddi vəzifələrin  düşdüyünü bildirib. O qeyd edib ki, ağsaqqallar gənclərlə, onların valideynləri ilə söhbətlər aparmalı, bu problemlərin həll edilməsi üçün əllərindən gələni əsirgəməməlidirlər.

Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov da tədbir iştirakşılarını salamlayaraq, onları qarşıdan gələn bayramlar – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. O, öz çıxışında, əsasən, ağsaqqalların qarşısında duran vəzifələrə toxunaraq,  rayonlarda gənclərlə işin daha effektiv təşkil edilməsinin, onları Azərbaycanı sevməyən qüvvələrin təsiri altına düşməkdən qorumağın vacib məsələ olduğunu vurğulayıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın hansı vəziyyətdə olduğunu xatırladan Əhliman Əmiraslanov ölkəmizi həmin xaos və problemlərdən dahi rəhbərimiz, ulu öndər Heydər Əliyevin xilas etdiyini bildirib. Qeyd edib ki, bu gün ümummilli lider Heydər Əliyevin işıqlı yolunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük uğurla davam etdirir. Daha sonra ölkəmizdə həyata keçirilən mütərəqqi işlərdən bəhs edən natiq vurğulayıb ki, 2022-ci ilin büdcəsi yenə də sosial yönümlüdür, təqaüdlər və əmək haqları artırılacadır. Bütün bunlar  bir daha onu göstərir ki, dövlət başçısı üçün başlıca,   prioritet məsələ vətəndaşlarımızın rifah halıdır.

Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin  müavini, millət vəkili Eldar İbrahimov şəhid ailələrinə və qazilərə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. Qeyd edib ki, biz ağsaqqallar  da, öz növbəmizdə, bu işlərdə dövlətə dəstək olmalı, şəhid ailələri, əlillər, qazilər və Qarabağ müharibəsində xüsusi xidmətləri olan şəxslərlə görüşlərin təşkil edilməsini, onlara və ehtiyacı olan digər insanlara mənəvi və maddi dəstəyin göstərilməsini hər zaman böyük əhəmiyyətə malik olan  bir məsələ kimi unutmamalıyıq. Eldar İbrahimov da gənclərlə aparılan işlərin intensivləşdirilməsindən danışaraq bu sahədə, xüsusilə rayonlarda təsirli  fəaliyyət proqramının həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən rayon sədrləri öz fəaliyyətlərindən və gələcəkdə görüləcək işlərdən bəhs edərək müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşdiklərini, onun uğurlu daxili və xarici siyasətini hər zaman təbliğ etdiklərini bildiriblər. Qeyd ediblər ki, rayonlarda şəhid ailələri, qazilər həmişə diqqət mərkəzindədirlər və ağsaqqallar da bu işlərdə yaxından iştirak edirlər. Ölkəmizin ictimai-siyasi və mədəni həyatında daim fəallıq göstərən, sosial-iqtisadi inkişafda mühüm xidmətləri olan ağsaqqallar, rayon sədrləri gələcəkdə öz fəaliyyətlərini daha da artırmaq əzmində olduqlarını  diqqətə çatdırıblar.

Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev bütün tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək vurğulayıb ki, artıq növbəti il üçün Azərbaycan Ağsaqqallar Şurasının ideoloji fəaliyyət istiqamətlərini əhatə edən yüksək səviyyəli proqram  hazırlanıb. O, növbəti illərdə Azərbaycan Ağsaqqallar Şurasının və onun yerli təşkilatlarının daha səmərəli fəaliyyət göstərəcəyinə əminliyini ifadə edərək , ağsaqqalların hər zaman dövlət başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həyata keçirdikləri böyük işlərdə dəstək olacaqlarını bildirib.

Sonda Eldar Quliyev Şirvan Şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimova xatirə hədiyyəsi təqdim edərək onu 70 illik yubileyi münasibətilə təbrik edib və tədbirdə iştirak edən bütün rayon sədrlərinə yeni vəsiqələr təqdim edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.