Xəbərlər

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisinin deputatı, professor Eldar Quliyevin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri, eləcə də ölkə ictimaiyyətini maraqlandıran digər məsələlər barədə  AİA.az saytına müsahibəsi

 Azərbaycan 2020-ci ilin sentyabr ayında qədəm qoyduğu Zəfər yoluna bu gün siyasi-diplomatik müstəvidə inamla davam edir. Ölkəmizin gündən-günə artan beynəlxalq nüfuzu, möhkəmlənən mövqeləri bu yolda əldə olunan böyük uğurlarımızın bariz göstəricisidir. Bu gün artıq Avropa ölkələri gələcəyə dair qurduqları strateji planlarında Azərbaycanın da mövqeyini zəruri amil kimi nəzərə almağa üstünlük verirlər. Respublikamızın etibarlı tərəfdaş olaraq Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi məsələlərində getdikcə artan rolu isə bu ölkələri Azərbaycanın regional siyasi maraqlarına baxış bucaqlarını və yanaşma tərzlərini getdikcə bizim xeyrimizə daha çox dəyişməyə sövq edir. Beləlikə, Azərbaycan artıq regional oyunçu statusundan çıxaraq Avropa səhnəsində cərəyan edən hadisələrin gedişinə təsir rıçaqlarına malik olan aparıcı iştirakçılardan birinə çevrilir.

– Eldar müəllim, etiraf etmək lazımdır ki, son vaxtlar Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında xüsusi bir canlanma, bir artan dinamika yaşanmaqdadır. Həm də biz bu dinamikanın iqtisadi əməkdaşlıq formatından birbaşa siyasi münasibətlər müstəvisinə inteqrasiyasını da açıq-aşkar müşahidə edirik. O cümlədən cərəyan edən hadisələr Avropa-Azərbaycan münasibətlərinin inkişaf istiqamətində də hazırda ölkəmizin xeyrinə meyilliliyin daha da artdığını deməyə əsas verir. Bu baxımdan siyasi-diplomatik müstəvidə proseslərin gedişini necə şərh edə bilərsiz?

– İlk növbədə qeyd etməliyəm ki, ölkə Prezidenti cənab İlham Əliyev hər zaman respublikanın iqtisadi potensialının dövlətin siyasi müstəqilliyinin təmin olunmasında əsas, ən vacib amil olduğunu vurğulayıb. Möhtərəm dövlət başçımız öz çıxışlarında da daim bir məqamı vurğulayıb ki, bu gün dünyada məhz güc amili əsas rol oynayır. Güc anlayışı isə aydındır ki, birbaşa iqtisadi göstəricilərə bağlıdır. Güclü ölkə ilk növbədə iqtisadiyyatı güclü olan ölkədir. Deməli, siyasi müstəqilliyini qorumaq istəyən dövlət ilk növbədə iqtisadi müstəqilliyini təmin etməlidir. Cənab Prezident İlham Əliyevin son 19 ildə davamlı olaraq həyata keçirdiyi daxili və xarici siyasətin əsasında da məhz bu postulat durur. Məhz buna görə də, sizin də qeyd etdiyiniz kimi, son vaxtlar Azərbaycanın təkcə Avropa ilə deyil, həmçinin bütün beynəlxalq əlaqələrində iqtisadi əməkdaşlıq sahəsində əldə olunan uğurların birbaşa siyasi-diplomatik müstəviyə inteqrasiyası müşahidə olunmaqdadır.

Lakin mən bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm. Bu da Azərbaycan-Avropa münasibətlərində ölkəmizin mənafeləri istiqamətinə meyilliliyin artmasına dair səsləndirdiyiniz fikirlə bağlıdır. Məsələ bundadır ki, əslində bu dönüş Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra baş verdi. Sadəcə olaraq postmüharibə dövrünün ilk aylarında müəyyən qüvvələr hələ bu savaşın nəticələrini dəyişməyə, Azərbaycanı əldə etdiyi uğurların bir qismindən imtina etməyə razı sala biləcəklərinə dair boş ümidlər bələyirdilər. Lakin Azərbaycan özünün hərbi zəfərini siyasi-diplomatik müstəvidə əldə etdiyi qələbələrlə möhkəmlətdi. Bax bu, birmənalı olaraq cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin möhtəşəm təntənəsi idi. Artıq hər kəs gördü ki, Azərbaycan bütün aspektlərdən müstəqil və güclü bir dövlət olaraq, yerləşdiyi regionda əsas söz sahibidir. Artıq hər kəs anladı ki, Azərbaycanla hesablaşmaq və ən əsası, razılaşmaq lazımdır.

Bu gün isə Avropada yaranmış yeni geosiyasi vəziyyət, xüsusilə də bu vəziyyətin formalaşmasına Rusiya-Ukrayna müharibəsinin birbaşa təsiri fonunda qitə ölkələrinin enerji təhlükəsizliyi məsələsi mən deyərdim ki, son dərəcə mürəkkəb böhran dövrü yaşayır. Belə vəziyyətdə yeni enerji mənbələri axtarışında olan Avropa İttifaqının enerji ehtiyatları ilə zəngin, müstəqil balanslaşdırılmış xarici siyasət yürüdən, artıq uzun illərdir ki, özünü bütün əməkdaşlıq sahələrində etibarlı tərədaş kimi təsdiq etmiş Azərbaycana üzünü, saxtakar, yalançı, asılı və marionet bir hökumətə malik olan, hər an, hər kəsə qarşı xəyanət edə biləcək Ermənistana isə arxasını çevirəcəyi gözlənilən idi. Bir daha təkrar edirəm, bütün bunlar hadisələrin öz axarı ilə gedişinin nəticəsi olaraq, istənilən halda öz-özünə formalaşacaq məqamlar deyi. Azərbaycan hazırda sahib olduğu mövqeyinə, beynəlxalq proseslərin gedişinə təsir etmək imkanlarına malik olan aparıcı aktor statusuna öz liderinin, cənab Prezident İlham Əliyevin 19 il ərzində səbrlə, təmkinlə, əzm və iradə ilə yürütdüyü xarici siyasətinin, ölkədə həyata keçirdiyi əsaslı iqtisadi və siyasi islahatların, möhtəşəm ordu quruculuğunun sayəsində gəlib çıxa bilmişdir. Bu, danılmaz bir həqiqətdir və Azərbaycanın həm bugünkü, həm də gələcək uğurlarının əsasında məhz bu tarixi həqiqət durur.

– Bu baxımdan Prezident İlham Əliyevin son vaxtlar bir sıra Avropa ölkələrinin əhəmiyyətini də xüsusi olaraq qeyd edə bilərik. O cümlədən, dövlət başçımızın oktyabr ayının 6-da Praqada keçirdiyi görüşlərin nəticələri əlbəttə ki, böyük önəm daşıyır. Bu barədə nə deyə bilərsiz?

– Bildiyiniz kimi, “Avropa siyasi birliyi” Avropa İttifaqı tərəfindən irəli sürülmüş yeni təşəbbüsdür və qitənin ölkələri arasında siyasi əlaqələndirmə platforması kimi yaradılıb. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropanın təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Təbii ki, Azərbaycanın Zirvə Toplantısına dəvət olunması ölkəmizin dünyada və Avropada getdikcə artan nüfuzundan xəbər verir və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan biri kimi çıxış etdiyini vurğulayır. Həm də diqqətə almaq lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyev “Avropa siyasi birliyi” Zirvə Toplantısına bilavasitə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə qatılmışdı.

Lakin sizin də vurğuladığınız kimi, Praqa səfəri möhtərəm dövlət başçımızın son dövrlərdə Avropa ölkələrinə etdiyi səfərlərdən sadəcə biridir və onlardan hər biri eyni zamanda həm Azərbaycanın güvənli beynəlxalq mövqelərinin, həm də bu mövqelərin getdikcə daha da güclənməsinin təsdiqi kimi qiymətləndirilə bilər. O cümlədən Prezidenti cənab İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-dən sentyabrın 2-dək davam edən Romaya işgüzar səfəri və bu səfər çərçivəsində Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci beynəlxalq Çernobbio Forumuna dəvət olunması təkcə ayrı-ayrılıqda götürülən Avropa ölkələrinin deyil, ümumilikdə Avropa İttifaqının ölkəmizlə əməkdaşlıqda son dərəcə maraqlı olduğunu, gələcəyə dair qurulan strategiyada Azərbaycanın mövqeyinin nəzərə alınmasının Avropa İttifaqı üçün vacibliyini göstərir.

Daha sonra Prezident cənab İlham Əliyevin sentyabr ayının 30-da Bolqarıstana etdiyi səfərin əhəmiyyəti qeyd olunmalıdır. Məlum olduğu kimi, 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Məhz bu Bəyannamə bu gün iki ölkənin dost və strateji ölkələr kimi çıxış etmələrinə əsaslı zəmin yaratmışdır. Dövlətimizin başçısı Bolqarıstanda mətbuata bəyanatla etdiyi çıxışında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun tarixi əhəmiyyət kəsb edən layihə olduğunu vurğuladı. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, həm də eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaqdır. Daha bir vacib məsələ də budur ki, artıq Bolqarıstandan əlavə Avropanın daha 3 ölkəsi – Rumıniya, Macarıstan və Slovakiya əlavə qaz həcmini almaq və nəql etmək istədiklərini bəyan etmişlər.

Ölkə Prezidentinin oktyabrın 6-da baş tutmuş Praqa səfərinə gəlincə isə, birmənalı olaraq demək lazımdır ki, möhtərəm dövlət başçımız bu səfərin gedişində növbəti dəfə tarix yazdı. Az öncə də dediyim kimi, Azərbaycanın “Avropa siyasi birliyi” Zirvə Toplantısına dəvət olunması ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin çox gözəl perspektivlərə sahib olduğunu bir daha təsdiq edir. Lakin Praqa səfərinin daha önəmli nəticələri dövlət başçımızın bu səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlıdır. İlk növbədə Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilmiş dəyirmi masada çıxış edən Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət, Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanmasına dair təklifi, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, Cənubi Qafqazda Azərbaycan-Gürcüstan-Ermənistan üçlü formatında vahid müzakirə platformasının yaradılmasının vacibliyi və digər önəmli məsələlər barədə fikirlərini səsləndirərək, sülh müqaviləsi üzrə danışıqların uzun müddət davam etməməli olduğunu və mümkün qədər qısa zaman kəsiyində başa çatdırılmasının zəruriliyini vurğulayıb. Özünün siyasi iradəsini və prinsipial mövqeyini bütün mötəbər beynəlxalq tədbirlərdə birmənalı şəkildə ifadə edən dövlətimizin başçısı bu dəfə də dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinin gözlənilməsinin vacibliyini qeyd edib, bu prinsipə münasibətdə seçmə üsullu yanaşmaların, başqa sözlə desək, ikili standartların kənara qoyulmasının önəmini vurğulayıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərinin nəticələrini isə Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirmək lazımdır. Belə ki, keçirilən görüşlərin sonunda qəbul edilmiş birgə bəyanat ilk növbədə ölkəmizin maraqlarına tam cavab verir. Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Beləliklə, Ermənistan Azərbaycanın suverenliyini tanımaqla ölkəmizin Qarabağ üzərində hakimiyyətini tanımış olur. Heç şübhəsiz bu, Prezident cənab İlham Əliyevin Azərbaycan adına əldə etdiyi növbəti möhtəşəm diplomatik qələbədir.

İkinci bir tərəfdən, isə Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcək. 5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin qarşısı dövlət başçımızın peşəkar diplomatiyası sayəsində qəti şəkildə alındı.

– Eldar müəllim, toxunmaq istədiyim daha bir məsələ də son vaxtlar bir çox Avropa ölkələrinin, o cümlədən ənənəvi olaraq Ermənistanın müttəfiqi hesab olunan ölkələrin mətbuatında Azərbaycanın mövqeylərini dəstəkləyən materialların dərc olunması ilə bağlıdır. Əlbəttə ki, bu tendensiya da az öncə qeyd etdiyimiz kimi, Azərbaycanın getdikcə artan nüfuzunun daha bir göstəricisidir. Bu barədə bizimlə hansı fikirlərinizi paylaşmaq istərdiniz?

– Bəli, biz artıq bu barədə müəyyən fikir mübadiləsi apardıq və mən bir daha deyirəm, Avropa bu gün seçim etmək məcburiyyətindədir və əlbəttə ki, yaranmış vəziyyətdə ən doğrusu məhz düzgün, ədalətli seçim etməkdir. Əlbəttə indiyədək biz bir çox dövlətlərin, o cümlədən Avropa ölkələrinin ədalətsiz mövqeyi ilə çox rastlaşmışıq. Lakin indi vəziyyət kəskin şəkildə dəyişib. Artıq istəyən də və istəməyən də ölkəmizin bütün məsələlərdə haqlı mövqelərdə olduğunu etiraf etmək məcburiyyətindədir. O cümlədən bu günlərdə Fransanın “La Gazette” xəbər portalında Xocavənd rayonunun Edilli kəndində aşkarlanan növbəti kütləvi məzarlıq və bu kütləvi məzarlığın erməni vandalizminin növbəti təzahürü olması barədə məqalənin dərc olunması da çox böyük nailiyyətdir. Nəzərə almaq lazımdır ki, sadəcə fakrlar qeyd olunmayıb. Həmçinin bir rəy olaraq bildirilib ki, Ermənistan beynəlxalq hüquq nornmalarına zidd olaraq Azərbaycan tərəfinə kütləvi məzarlıqların yerləşdiyi ərazilərin xəritəsini təqdim etmir və bununla da beynəlxalq hüquq normalarını pozur. Xüsusilə diqqət çəkmək istədiyim bir məqam məqalədə Nürnberq Beynəlxalq Hərbi Tribunalının Nizamnaməsinin xatırlanmasıdır. Sitat gətirirəm: “Bu qətllərin törədilməsi Nürnberq Beynəlxalq Hərbi Tribunalının Nizamnaməsinə və Cenevrə Konvensiyasının üçüncü maddəsinə əsasən, beynəlxalq humanitar hüquq normalarının pozulması və müharibə cinayəti sayılır. Eyni zamanda, müharibə qaydaları barədə Haaqa Konvensiyasında da mülki əhaliyə, müharibədə iştirak etməyən əhaliyə, əsir və girovlara qarşı bu cür törədilmiş cinayətlər təbii ki, beynəlxalq humanitar hüquqa əsasən, müharibə cinayəti sayılır.” Həmçinin materialda vurğulanıb ki, əgər bu məsələyə insan hüquqları prizmasından yanaşılsa, bunun beynəlxalq konvensiya və digər hüquqi sənədlərdə ehtiva edilən yaşamaq hüququnun pozulması olduğunu görmək olar. Gördüyünüz kimi, müəllif rəsmi İrəvana qarşı kifayət qədər ciddi ittihamlar irəli sürür. Bu isə o deməkdir ki, bu Ermənistan artıq bu yaxınlara qədər ənənəvi müttəfiqi hesab olunan dövlətlərin də etimadını və dəstəyini itirmək üzrədir.

– Öncəki suallarımı cavablandırarkən Siz Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsini təmin edən əsas amillərdən birinin də məhz Prezident İlham Əliyevin şəxsi keyfiyyətlərinin – siyasi iradəsi, qətiyyəti, şəxsi nüfuzu olduğunu qeyd etdiniz…

– Əlbəttə, bu bir aksiomdur. Məhz möhtərəm dövlət başçımızın şəxsi nüfuzu Avropa İttifaqı ölkələrinin Azərbaycanla əməkdaşlığa olan maraqlarının getdikcə artmasını şərtləndirən ən mühüm amillərdən biridir. Aydındır ki, alternativ enerji təchizatçıları axtarışında olan Avropa İttifaqı ilk növbədə diqqətini zəngin enerji ehtiyatlarına, təbii resurslara malik ölkələrə yönəldir. Lakin sadəcə zəngin ehtiyatlara sahib olmaq hələ etibarlı təchizatçı, etibarlı tərəfdaş qismində çıxış edə bilmək anlamına gəlmir. Strateji tərəfdaşlıq bir çox vacib amillərin təmin olunmasını tələb edir. Avropa ölkələri əməkdaşlıq edəcəkləri ölkələrin coğrafi yerləşməsindən tutmuş, həmin ölkələrin əhatəsində mövcud olduqları qonşu dövlətlərlə münasibətlərinə, ölkədaxili ictimai-siyasi sabitliyin davamlılığına və bir çox digər göstəricilərə qədər ən müxtəlif istiqamətlərdə əsaslı təhlillər və qiymətləndirmələr aparırlar. Təbii ki, konkret ölkəyə rəhbərlik edən dövlət başçısının həm öz ölkəsində, həm də beynəlxalq arenada nüfuzu xüsusi önəm kəsb edir. Cənab Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 19 il ərzində Azərbaycanı stabil ictimai-siyasi daxili mühitə, dinamik inkişaf edən iqtisadiyyata sahib olan, tam müstəqil xarici siyasət yürüdən, güclü, eyni zamanda da üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri hər zaman yerinə yetirən məsuliyyətli bir ölkəyə çevirməyə nail olmuşdur. Bütün bunlar əlbəttə ki, dünya dövlətlərinin diqqətindən kənarda qalmır və Azərbaycanla münasibətlərin qurulması üçün əsas kriterilərdən biri, bəlkə də birincisi kimi nəzərə alınır.

– Eldar müəllim, gəlin razılaşaq ki, Azərbaycan bu gün istər işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında gedən quruculuq işləri, istərsə də Ermənistanın bu torpaqlarımızda işğal dövründə apardığı terror və talançılıq siyasətinin, törətdiyi misli görünməmiş dağıntıların və vandallıq əməllərinin nəticələri barədə dünya ictimaiyyətini maksimum məlumatlandırmaq üçün sadəcə beynəlxalq platformalardan yararlanmır. Artıq belə platformalar Azərbaycanda da böyük uğurla təşkil olunur. Bu baxımdan oktyabrın 5-də ilk dəfə Ağdamda keçirilmiş Azərbaycan Milli Şəhərsalma Forumu da 40-dan artıq xarici ölkənin təmsilçilərinin iştirakı ilə xüsusi əhəmiyyət kəsb edən bir tədbir oldu. Yəqin ki, Ağdam Forumunda müzakirə olunan məsələlər barədə Sizin də bölüşmək istədiyiniz fikirləriniz var.

– İlk növbədə BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə keçirilən bu Forum “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusu ilə birbaşa işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı yenidənqurma işlərinin əhatəli təhlili baxımından olduqca aktual idi. İkinci bir tərəfdən isə, həqiqətən də Ağdam Forumu erməni vandallarının 30 il işğal altında saxladıqları ərazilərdə törətdikləri vəhşiliklərin dünyaya təkrar nümayiş etdirilməsi üçün son dərəcə əlverişli beynəlxalq platforma rolunu oynamış oldu. Dediyiniz kimi, tədbirdə iştirak edən dünyanın 40-dan artıq ölkəsinin nümayəndələri erməni barbarlığının nəticələrini bir daha öz gözləri ilə görmək imkanı əldə etdilər. Forumun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev də Ağdamın ermənilər tərəfindən tamamilə dağıdıldığını və yerlə-yeksan edildiyini bir daha diqqət mərkəzinə gətirdi. Həmçinin dövlətimizin başçısı xüsusi olaraq bu faktı da qeyd etdi ki, Ağdam Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. Bu şəhər sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub. İşğal dövründə eyni aqibəti digər şəhər və kəndlərimiz – Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan da yaşayıblar. Şuşa, Laçın və qismən Kəlbəcər şəhərlərində isə ermənilər məhdud miqdarda müəyyən yaşayış binalarını dağıtmamışlar ki, bunda da məqsəd müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirməklə qanunsuz məskunlaşma siyasətini həyata keçirmək olub.

Bu gün Azərbaycan keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng layihələr həyata keçirməkdədir. Bildiyiniz kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə hər səfəri zamanı bu ərazilərdə bir neçə yeni obyektin açılış və ya təməlqoyma mərasiminin keçirilməsi artıq bir ənənə halını almışdır. Həmçinin möhtərəm dövlət başçımızın və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də Ağdam rayonuna etdikləri səfər də xüsusi özəllikləri ilə əlamətdar oldu. Səfər çərçivəsində cənab Prezident və birinci xanım Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində və Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak ediblər. Bütün bu tədbirlər işğaldan öncə də Qarabağın ən böyük şəhəri olan Ağdamın yenidən qurulması istiqamətində aparılan işlərin heyrətamiz vüsətindən və dinamikasından xəbər verir.

Ermənistan isə Azərbaycanın öz ərazilərində apardığı bu quruculuq işlərini mümkün qədər ləngitmək məqsədilə faktiki olaraq işğal dövründə törətdiyi hərbi cinayət əməllərini indi də davam etdirir. Öz çıxışında bu problemin ciddiliyini diqqət mərkəzinə çəkən möhtərəm Prezidentimiz də qeyd etdi ki, bu gün işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində apardığı işlərdə Azərbaycanın qarşısında duran ən böyük çətinliklərdən biri məhz minalar məsələsidir. Vətən müharibəsinin başa çatmasından artıq iki il keçsə də, ölkəmiz hələ də ərazilərində ermənilər tərəfindən basdırılmış minalardan dolayı insan tələfatı verir. İkinci Qarabağ savaşının başa çatmasından sonra keçən iki il ərzində təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb və bu rəqəm hər həftə artır. Ermənilər işğal dövründə Azərbaycan torpaqlarında 1 milyondan çox mina basdırıblar və bütün beynəlxalq razılaşmalara zidd olaraq hələ də mina sahələrinin xəritələrini təqdim etməkdən boyun qaçırırlar. Bu, birmənalı olaraq Azərbaycana və azərbaycanlılara qarşı terror siyasətinin davam etməsi kimi qiymətləndirilməlidir. Hər partlayan mina bir insan həyatına son qoyur. Yəni Ermənistan Vətən müharibəsi dövründə olduğu kimi, indi də dinc sakinləri hədəfə almaqda davam edir. Bu isə artıq hərbi cinayət əməlidir.

Lakin bütün bunlara baxmayaraq, Azərbaycan yenə də sülh çağırışlarına davam edir. Düşünürəm ki, artıq Ermənistan da Azərbaycanla sülh sazişinin imzalanmasının yaranmış böhran vəziyyətindən özü üçün yeganə çıxış yolu olduğunu dərk edir. Ən azından Praqa görüşlərində əldə olunmuş nəticələr bunu deməyə əsas verir. Gözləmək olar ki, artıq bundan sonrakı proseslər nəhayət ki, məhz bu istiqamətə yönələcək və 2023-cü ilin ərəfəsi bütün Cənubi Qafqaz üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə əlamətdar olacaq.

– Biz hamımız buna çox ümid edirik. Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə təşəkkür edirəm. Sağ olun.

– Siz də sağ olun.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.