Xəbərlər

Balakən və Zaqatala rayonlarında Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib

İyun ayının 7-də Balakən və Zaqatala Rayon Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçisi-hüquqşünası Kamal Əliyev, rayon ağsaqqalları, şəhid ailələri və qazilər iştirak ediblər.
Balakən və Zaqatala rayonlarında keçirilən konfranslarda tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Konfranslarda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının, həmçinin hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra tədbir iştirakçılarını salamlayan hər iki rayonun icra başçıları milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edilən ağsaqqalların Balakən və Zaqatalanın ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların dəyərli öyüd-nəsihətlərinə hər bir kəsin ehtiyacının olmasından danışıblar. Qeyd ediblər ki, ağsaqqallar ulu öndər Heydər Əliyevin layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşən rayon əhalisinin, gənclərin Vətənə, dövlətə və xalqa bağlılğı istiqamətində üzərlərinə düşən vəzifələri böyük məsuliyyətlə yerinə yetirirlər.
Sonra Balakən Rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyevin və Zaqatala Rayon Ağsaqqallar Şurasının sədr müavini Tahir Məmmədovun illik hesabatlarla bağlı məruzələri dinlənilib. Məruzələrdə yerli təşkilatların pandemiya şəraitində karantin rejimi qaydalarına uyğun olaraq fəaliyyətlərini davam etdirdikləri, bir sıra əhəmiyyətli tədbirlər, şəhid ailələri və qazilərlə görüşlər keçirdikləri, həmçinin gənclərlə maarifləndirici işlərin aparıldığı qeyd edilib. Vurğulanıb ki, bundan sonra da 2022-ci ilin fəaliyyət planına uyğun olaraq işlərini daha səmərəli və hərtərfli quracaqlar.
Vahid Novruzov öz çıxışında Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin salamlarını konfrans iştirakçılarına çatdıraraq, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfərin tarixi əhəmiyyətindən danışıb, şəhid ailələrinə və qazilərə hər zaman böyük diqqət və qayğının göstərildiyini vurğulayıb. Hal-hazırda mədəniyyət paytaxtmız olan Şuşa şəhərində və işğaldan azad edilmiş digər rayonlarda genişmiqyaslı abadlıq-quruculuq işlərinin getdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Cəmiyyətimizə, xüsusilə də gənc nəslə milli-mənəvi dəyərlərə, Vətənə, xalqa, dövlətə hörmət ruhunun aşılanmasının böyük önəm daşıdığını qeyd edən natiq dövlət baççısı cənab İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə ağsaqqallara, o cümlədən ahıllara göstərilən diqqət və qayğıdan danışıb. Eldar Quliyevin başçılığı ilə təşkilatda bir çox əhəmiyyətli işlərin həyata keçirildiyini vurğulayan Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov ABŞ Prezidenti cənab Cozef Baydenin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı məktubdan da bəhs edərək, ölkələrimiz arasındakı 30 illik uğurlu diplomatik münasibətlərdən, sadiq tərəfdaşlıqdan və ikitərəfli iqtisadi əlaqələrdən söz açıb.
Daha sonra çıxış edən natiqlər rayon ağsaqqallarının gördükləri əhəmiyyətli işlərdən bəhs edərək, gənclərin zərərli təsirlərdən uzaq sağlam əsaslar üzərində, dövlətə, xalqa sədaqət ruhunda tərbiyəsi məsələsində onlara hər zaman böyük ehtiyacın olduğunu vurğulayıblar. Əmin olduqlarını bildiriblər ki, bundan sonra da ağsaqqallar daha xoşbəxt Azərbaycan naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklər.
Səfər çərçivəsində Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov Balakən rayon Talalar kəndində Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışında iştirak edib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.