Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev oktyabrın 20-də ölkəmizdə səfərdə olarkən yol qəzasına düşmüş Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, AKP sədrinin müavini, millət vəkili Binəli Yıldırıma və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Şamil Ayrıma yenidən öz şəfa diləklərini çatdırıb:
“Bir müddət əvvəl Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən əziz dostlarımız, qardaşlarımız Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının sədr müavini, millət vəkili Binəli Yıldırımın və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Şamil Ayrımın yol qəzasına düşməsi xəbəri bizi çox məyus etmişdi. Şükürlər olsun ki, onların səhhəti artıq yaxşıdır və müalicələrini ev şəraitində davam etdirirlər.
Ölkələrimiz arasındakı hazırkı yüksək səviyyəli əməkdaşlıq dəyərli dostumuz, qardaşımız Binəli Yıldırımın rəhbərliyi ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində ağsaqqallarımız tərəfindən də böyük müvəffəqiyyətlə və ruh yüksəkliyi ilə həyata keçirilir. Əminik ki, xalqlarımızın mənafelərinə xidmət edən Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bundan sonra da birgə səylərimizlə uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.
Yalnız Türkiyədə və Azərbaycanda deyil, bütün Türk dünyasında sevilən hər iki ictimai-siyasi xadimə bir daha Allahdan şəfa diləyir, onların tez bir zamanda tamamilə sağlamlıqlarına qovuşmaqlarını və Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinə önəmli töhfələr verən dəyərli fəaliyyətlərinə davam etmələrini arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV”