Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycanın ilk Ombudsmanı, kimya elmləri doktoru, professor Elmira xanım Süleymanovanın 85 yaşı tamam olub. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Elmira xanıma təbrik ünvanlayıblar:
Hörmətli Elmira xanım!
Sizi – Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinini, respublikamızın İnsan Hüquqları üzrə ilk Müvəkkilini, görkəmli ictimai xadimi, tanınmış alimi əlamətdar Yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, sevinc dolu günlər və əmin-amanlıq arzulayırıq!
Siz ulu öndər Heydər Əliyevin ən uğurlu kadrlarından biri olaraq Azərbaycanın ilk Ombudsmanı kimi 17 il ərzində ölkəmizdə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsi sahəsində xalqımıza dəyərli xidmətlər göstərmisiniz. Həmişə ədalətin tərəfində olan ictimai-siyasi xadim kimi yüksək beynəlxalq tribunalardan Azərbaycanın haqq səsini qaldıraraq, ölkəmizin işğala məruz qalmasını, yüz minlərələ insanın öz dədə-baba yurdlarından didərgin salınmasını, onların hüquqlarının kobud şəkildə pozulmasını dünya ictimaiyyətinə çatdırıbsınız.
Görkəmli bir alim kimi elmimizin inkişafı sahəsindəki səmərəli fəaliyyətiniz nəticəsində bir çox elmi əsərlər yazmış, ölkəmiz üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında yaxından iştirak etmisiniz. Çoxşaxəli fədakar əməyiniz dövlətimiz, habelə bir çox xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə yüksək təltiflərlə – “Şöhrət”, “Şərəf”, 2-ci dərəcəli “Vətənə xidmətə görə”, “Beynəlxalq səfir”, “Böyük Qızıl Xaç” ordenləri ilə, Beynəlxalq Sülh Mükafatı, Türk Dünyası Onur Medalı və onlarla digər ali mükafatlarla qiymətləndirilmişdir.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini olaraq Siz hazırda nümunəvi fəaliyyətinizlə xalqımıza, dövlətimizə böyük xidmətlər göstərir, cəmiyyətimizin inkişafında, gənclərimizin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirirsiniz. Şərəfli və fədakar ömür yolunuz, mənəvi saflığınız və vətəndaş böyüklüyünüz cəmiyyətimiz, xüsusilə də gənclərimiz üçün bir örnək, nümunə məktəbidir. Siz həm də vətənpərvər davamçılar – dəyərli övlad və nəvələr yetişdirən mehriban ana, nəvazişli nənə və gözəl ailə başçısısınız.
Hörmətli Elmira xanım!
Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi Yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Azərbaycanın tərəqqisi naminə çoxşaxəli və məsuliyyətli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirik!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV