Xəbərlər

Gəncədə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən Gəncə şəhərində ağsaqqalların da iştirak etdiyi tədbir keçirilib.

Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə bölməsinin sədri, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, akademik Fuad Əliyev, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin birinci müavini, professor Nurəddin Məmmədov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, ADAU-nun rektoru İbrahim Cəfərov, GDU-nun rektoru Yusif Yusifov, həmçinin şəhər ziyalıları, ağsaqqallar, tələbə və gənclər iştirak ediblər.

Əvvəlcə soyqırımı qurbanlarının və Azərbaycanın müstəqilliyi, suverenliyi,  ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, qədim tarixə malik olan Azərbaycan xalqı müxtəlif zamanlarda böyük faciələr və soyqırımlarla üzləşib. Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında yaşanıb. Belə ki, Bakı və ətraf ərazilərdə azərbaycanlılar kütləvi şəkildə vəhşicəsinə qətlə yetiriliblər. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlanıb. 1992-ci ilin fevralında ermənilər Xocalıda yerli əhaliyə qarşı yenidən soyqırım törədiblər. O, həmçinin, qeyd edib ki, 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması ilə bağlı işlərə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb və bu proses hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilir.

AMEA-nın Gəncə bölməsinin sədri, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, akademik Fuad Əliyev öz çıxışında qeyd edib ki, 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman böyük tarixi əhəmiyyət daşıyır. Natiq vurğulayıb ki, həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və əcnəbi dillərə tərcümə olunubdur. Həmçinin son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb ki, Quba şəhərində tapılan kütləvi məzarlıq da bu faciənin qanlı epizodlarından biridir.

Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk çıxış edərək bildirib ki, xüsusi vəhşiliklə törədilən bu soyqırım təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün türk dünyasına qarşı nifrətin təcəssümüdür. Bu, bütün türk dünyasının problemidir və buna görə də Türkiyə azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması məsələsində həmişə Azərbaycanla eyni mövqeyi tutur. Bir sıra tarixi faktlara nəzər salan Zəki Öztürk faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad etdiyini bildirib, bütün şəhidlərə Allahdan rəhmət diləyib.

“31 Mart soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir” mövzusunda çıxış edən Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin birinci müavini, professor Nurəddin Məmmədov qeyd edib ki, tarixən “böyük ermənistan” yaratmaq xülyası ilə yaşayan bədnam qonşularımız bütövlükdə  bəşəriyyətə və insanlığa qarşı yönəlmiş terror siyasəti həyata keçirərək dəhşətli cinayətlərə əl atıblar. Faktlar göstərir ki, erməni millətçiləri öz qonşu dövlətlərinə qarşı məkirli ərazi iddiaları gerçəkləşdirmək naminə təcavüzkar siyasətlərini milli mübarizə adı altında qələmə verməyə çalışıblar. Çıxışında saysız-hesabsız erməni vəhşiliklərindən bəhs edən Nurəddin Məmmədov onun babasının və ailəsinin də bu hadisələrin canlı şahidləri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra konfransda “31 Mart soyqırımının Azərbaycan ədəbiyyatında əks sədası”, “31 Mart soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir”, “Ermənilərin soyqırım siyasətinin tarixi kökləri” və “Azərbaycanlıların soyqırımına hüquqi-siyasi qiymət verilməsi” mövzularında da məruzələr dinlənilib. Tədbirin sonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş konfrans iştirakçıları adından bəyanat səsləndirilib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.