Xəbərlər

Güclü ordu dövlətimizin qarantıdır

28 may 1918-ci ildə Şərqdə ilk dəfə olaraq demokratik müsəlman dövləti – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yarandı. Həmin dövr çox təlatümlü bir dövr idi. Dövlətin fəaliyyəti üçün bir sıra tədbirlər həyata keçirilirdi. Onların biri də ordu quruculuğu idi. Həmin dövrdə Əlahiddə Azərbaycan korpusu yaradıldı ki, bu da Azərbaycan ordusunun ilk qaranquşu idi. Çar Rusiyasının ən məşhur generallarından olan Əliağa Şıxlinski və Səmədbəy Mehmandarov orduya rəhbərlik etmək üçün dəvət olundular. Lakin çox təəssüflər olsun ki, cəmi 23 ay yaşayan AXC süquta uğradı və bununla da ordu quruculuğuna son qoyuldu.

Respublikamız SSRİ-nin tərkibində olanda oğullarımız sovet ordusu sıralarında hərbi xidmət keçirdilər. Zabit korpusumuz isə, demək olar ki, yox dərəcəsində idi. 14 iyul 1969-cu ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ordu quruculuğu sahəsində bir sıra addımlar atılmağa başladı. Mərkəzin güclü təzyiqlərinə baxmayaraq, Heydər Əliyevin gərgin zəhməti bahasına 1971-ci ildə Bakıda Hərbi lisey yaradıldı və sonralar həmin lisey görkəmli general Cəmşid Naxçıvanskinin adını daşıdı. Bu məktəbin açılması həmin dövrdə gənclərimizin hərbə marağını daha da artırdı, həmçinin milli zabit kadrların yetişdirilməsində məktəb müstəsna xidmətlər göstərdi. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində gənclərimiz nəinki Bakıdakı hərbi məktəbdə, eyni zamanda keçmiş SSRİ-nin bir sıra qabaqcıl hərbi məktəblərində güzəştli şərtlərlə təhsil almağa başladılar. Sonralar zaman göstərdi ki, bu siyasi addım gələcək Azərbaycan ordusun formalaşdırılmasında müstəsna rol oynayıb. Məhz milli zabit kadrlar ordumuzun yaradılmasında əsas qüvvə oldular.
1993-cü il 15 iyun tarixindən başlayan böyük Qurtuluş ordumuzun qurulmasında da özünü büruzə verdi. Bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da yeni islahatlar həyata keçirildi, vahid komandanlığa tabe olan ordu qurulmağa başladı. Lakin həmin dövrdə ordunun qurulmasında böyük çətinliklər və manelər mövcud idi. Ermənilər Qarabağda müharibə aparırdılar, bir sıra rayonlarımız işğal edilmişdi. Dahi rəhbər Heydər Əliyevin səyləri nəticəsində 12 may 1994-cü ildə Ermənistanla atəşkəsə nail olundu.
22 may 1998-ci ildə ulu öndər Heydər Əliyevin müvafiq fərmanı ilə Əlahiddə Azərbaycan korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü elan olundu və xalqımız bu günü hər il təntənə ilə qeyd edir.
Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində ordu quruculuğuna sürətlə start verildi. Qısa zamanda yeni islahatlar həyata keçirildi, hərbi təhsilin dairəsi genişləndirildi. Ordu quqruculuğunda beynəlxalq təcrübədən geniş istifadə edilməyə başlandı. NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmaqla yeni modern ordunun yaradılmasında mühüm addımlar atıldı. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaratmaqla ordumuzun zəruri silah-sursatla təmin edilməsi imkanları genişləndirildi.
Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində başladığı işlər möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Onun ordu quruculuğuna göstərdiyi hərtərəfli qayğı və diqqətin nəticəsində güclü Azərbaycan Ordusu formalaşdı. Bu gün ordumuz regionun ən güclü ordusudur və dünya arenasında özünəməxsus yer tutur.
Ordumuz öz gücünü 44 günlük Vətən müharibəsində də göstərdi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qəhrəman zabit və əsgərlərimiz 30 illik işğal altında qalan torpaqlarımızı azad edərək tariximizə şanlı Zəfər yazdılar. Ordumuzun döyüşlərdə göstərdiyi taktiki əməliyyatlar artıq bir sıra ölkələrin hərbi məktəblərində dərsliklərə salınıb, öyrənilir.
Güclü ordu dövlətimizin qarantıdır, xalqımızın ordumuza böyük dəstəyi və sonsuz sevgisi vardır.

Mayıl Əliyev
Nizami Rayon Ağsaqqallar Şurasının sədri

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован.