Xəbərlər

Nəsimi Rayon Ağsaqqllar Şurasının iclası keçirilib

Sentyabrın 16-da  Nəsimi rayonunda yerli Ağsaqqallar Şurasının iclası keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla  keçirilən tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Şuranın böyük məsləhətçisi Kamal Əliyev, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 2 saylı ərazi idarəetmə sahəsindəki nümayəndəsi Nuru Əhmədov, həmçinin rayon Ağsaqqallar Şurasının üzvləri iştirak ediblər.

Professor Vaqif Şadlinskinin sədrliyi ilə keçirilən iclasın gündəliyində  Vətən müharibəsinin ildönümü ilə əlaqədar və Nəsimi Rayon Ağsaqqallar Şurasının qarşısında duran vəzifələrin yerinə yetirilməsi ilə bağlı məsələlərin müzakirəsi və Nəsimi Rayon Ağsaqqallar Şurası üzvlərinə şuranın üzvlük vəsiqələrinin təqdim edilməsi əsas yer tuturdu.

İclasda çıxış edən Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski bildirdi ki, sentyabrın 27-də Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü tamam olur. Azərbaycan Ordusunun rəşadəti, xalqımızın birliyi və Ali Baş Komandan cənab İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində bu müharibəni zəfərlə başa vurduq. Hazırda azad edilmiş Qarabağ torpaqlarında Prezidentin göstəriş və sərəncamlarına uyğun olaraq böyük quruculuq, kommunikasiya və başqa işlərlə bağlı əhatəli layihələr həyata keçirilir. Respublikamızın bütün ağsaqqalları kimi, biz – Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvləri də dövlət siyasətinin vətəndaşlar, xüsusilə gənclər arasında təbliğatının aparılmasında ön sıralarda olmalıyıq. Müharibədə şəhid olmuş övladlarımızın ruhları  qarşısında baş əydiyini söyləyən Vaqif  Şadlinski ağsaqqal sözünün təsirli gücə malik olduğunu vurğuladı. O qeyd etdi ki, biz sözümüzlə, əməllərimizlə gənclərə qüvvət, dəstək verməliyik. Hal-hazırda xalqımız 2 cəbhədə mübarizə aparır: Qarabağda yeni quruculuq işlərinin aparıldığı cəbhə və bütün dünyanı bürümüş COVID-19 epidemiyasına qarşı mübarizə cəbhəsi. Hər kəs özünün və bütün xalqın sağlamlığını qorumağın qayğısına qalmalıdır. Biz ağsaqqallar peyvəndin aparılmasını başqalarına, xüsusilə gənclərə təlqin etməliyik.

Daha sonra Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlınski bildirdi ki, konfransdan sonrakı dövr ərzində təşkilati məsələlərə ayrıca diqqət verilmişdir: Şura üçün yer müəyyənləşdirilmiş, zəruri idarə vəsaitləri ilə təmin edilmişdir. Bu işdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərova minnətdarlığını bildirən təşkilatın sədri Vaqif Şadlinski qeyd etdi ki, Şuramızın işlərinin təşkilində göstərdiyi köməyə görə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyevə də   təşəkkür edirik. Artıq Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvlərinə üzvlük vəsiqələrinin verilməsi işinə başlamışıq. İdarə Heyətinə yüzə yaxın ağsaqqaldan  ərizə daxil olmuşdur. Biz vəsiqələrin verilməsini mərhələlərlə həyata keçirəcəyik.

İclasda çıxış edən digər natiqlər də Vətən müharibəsindən, şanlı Zəfərdən bəhs edərək hazırda tarixi günlər yaşadığımızı vurğuladılar. Qeyd etdilər ki, Vətən müharibəsi xalqımızın birliyini nümayiş etdirdi. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” bu birliyin simvoluna çevrildi. Düşünürük ki, doğma Qarabağ torpağında möhtərəm Prezidentimizin irəli sürdüyü bərpa və inkişaf proqramı müasir dövrün texnoloji imkanlarından istifadə edilməklə Azərbaycanımızın nəyə qadir olduğunu bir daha dünyaya göstərəcək. Ölkəmizdə həyata keçirilən belə böyük işlərin yerinə yetirilməsində ağsaqqallarımız da insanlar arasında fəallıqlarını nümayiş etdirməlidirlər.

Sonda Nəsimi Rayon Ağsaqqallar Şurasının bir qrup üzvünə şuranın üzvlük vəsiqələri təqdim edildi.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.