Xəbərlər

Neftçalada Ağsaqqallar Şurası hesabata toplaşdı

Mayın 25-də Neftçala Rayon İcra Hakimiyyətində koronavirus(COVİD-19) pandemiya qaydalarına uyğun olaraq Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

Modern.az xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, şəhid valideynləri və rayon Ağsaqqallar Şurasının üzvləri iştirak edib.

Konfransdan öncə Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Azərbaycan Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edib gül dəstələri düzüblər və ruhlarına dualar oxunub.

Daha sonra Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, həmçinin hesabat dövründə dünyasını dəyişmiş ağsaqqal və ağbirçəklərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov açaraq, ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan danışıb, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsi və məsləhətinin xüsusi əhəmiyyət kəsb etdiyini, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözünün, xeyir-duasının həmişə ən ali həyat məramı olduğunu bildirib. Ağsaqqallıq ənənələrinin inkişaf tarixinin başlanğıcı məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə əlaqədardır. 1993-cü ildə ölkəmiz parçalanmaq təhlükəsi ilə üzləşəndə Ulu Öndərə Azərbaycanı xilas etmək üçün müraciət edənlərin böyük əksəriyyəti də elə ağsaqqallar olmuşdu. Ulu Öndərin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyev də ağsaqqallarımıza güvənir və hər zaman onlara öz inamını bildirib.

Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova Neftçala ağsaqqalları ilə görüşdüyü üçün çox şad olduğunu bildirib və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını onlara çatdırıb. Daha sonra Elmira Süleymanova böyük qürur hissiylə qeyd edib ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun apardığı 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi və Ermənistanın tam təslim olması ilə nəticələndi. Əzəli və əbədi torpaqlarımız 30 illik erməni işğalından azad edilərək ölkəmizin tarixi ərazi bütövlüyü bərpa olundu. Bildirilib ki, şanlı Ordumuzun zəfər yürüşü, düşmənin bütün torpaqlarımızdan qovulması, Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi yaşadığımız bütün bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfə oldu və bu gün savaş meydanında əldə etdiyimiz bu tarixi Qələbənin ardınca Azərbaycanı daha firəvan həyat gözləyir. Elmira xanım, xüsusi olaraq vurğulayıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ağsaqqallara və ahıl vətəndaşlara dövlətin diqqət və qayğı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyət istiqaməti, məqsəd və vəzifələri barədə fikirlərini bölüşən Elmira Süleymanova qeyd edib ki, onların Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyevin tapşırığı ilə Neftçalaya gəlməkdə əsas məqsədi rayon Ağsaqqallar Şurasına sədr, həmçinin İdarə Heyəti və Təftiş Komissiyası seçkisində iştirak etməkdir və çox sevindirici haldır ki, hal-hazırda Respublika Ağsaqqallar Şurası daha intensiv fəaliyyət göstərərək cəmiyyətimizin və dövlətimizin inkişafında öz layiqli rolunu oynayır. Elmira xanım həmçinin Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat verib və yeni seçiləcək heyətə uğurlar arzulayıb.

Konfransda rayon Ağsaqqallar Şurasının üzvləri şəhid atası Təhmasib Məlikov, Abasqulu İskəndərli, Orucəli Hüseynov və Telman Quliyev çıxış edib, onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etdiblər.

Konfransda sonra təşkilati məsələlərə baxılıb  Neftçala Rayon Ağsaqqallar Şurasının Əsasnaməsi təsdiq edilib, Əbülfəz Ağayev Ağsaqqallar Şuranın yeni sədri seçilib, həmçinin İdarə heyətinə Gülağa İmanov, Bahəddin Leysanov, Elçin Əsədov, Vidadi İsmayılov, Rəşid Manafov, Oktay Kərimov, Hüsniyyə Ələkbərova üzv seçiliblər. Təftiş komissiyasına isə Telman Quliyev, Abasqulu İskəndərov və Orucəli Hüseynov yeni tərkibə üzv seçiliblər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.