Xəbərlər

Nizami Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

Bakı, 23 iyun, AZƏRTAC

Xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla məhdud tərkibdə keçirilən konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Nizami Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qərib Məmmədov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və böyük məsləhətçisi Kamal Əliyev, həmçinin rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, konfransdan əvvəl tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dərin hörmət və ehtiramlarını bildiriblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Nizami Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qərib Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, rayonumuzun inkişafında, mədəni-ictimai həyatında, gənc nəslin müsbət keyfiyyətləri özündə əxz edərək formalaşmasında ağsaqqallarımızın böyük xidmətləri vardır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun II Qarabağ müharibəsində qazandığı möhtəşəm Qələbədən bəhs edən natiq qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunmasında Nizami rayonundan olan qəhrəman oğullarımız da öz şücaətləri ilə şanlı tarix yazıblar. Belə qəhrəman oğulların yetişdirilməsində ağsaqqallarımızın əməyi az olmamışdır. Konfransın fəaliyyətinə uğurlar arzulayan Qərib Məmmədov əmin olduğunu bildirib ki, Nizami Rayon Ağsaqqallar Şurasında təmsil olunan ağsaqqalların, ziyalıların dəstəyi ilə təşkilatın nüfuzu və fəaliyyəti bundan sonra daha da artacaqdır.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov ilk öncə Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Sonra o bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın regiondakı siyasi gücünü daha da artıraraq bölgədə baş verən iqtisadi-siyasi proseslərdə ölkəmizi aparıcı qüvvəyə çevirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəmir yumruğu qarşısında darmadağın edilən Ermənistan ordusu və qazanılan şanlı Zəfər təkcə döyüş meydanı ilə məhdudlaşmayıb, dövlət başçısı beynəlxalq arenada da Azərbaycanı dünya ölkələrinin təsirindən məharətlə qoruyub. O bildirib ki, hazırda ölkəmizdə davam edən bu tərəqqi prosesi Azərbaycan Ağsaqqallar Şurasında da özünü göstərməkdədir. Bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyevin rəhbərliyi altında təşkilatda kifayət qədər mühüm işlər görülür. Belə ki, Azərbaycanın demək olar ki, bütün şəhər və rayon ağsaqqallar şuralarında təşkilati məsələlərə baxılıb, seçkilər keçirilib, yeni tərkiblər formalaşdırılıb. Artıq Şuranın yeni nizamnaməsi və rayonlar üçün hazırlanmış əsasnamələr qəbul edilib. Həmçinin Azərbaycan Ağsaqqallar Şurasının 2021-2023-cü illər üçün hazırlanmış iş planı üzrə bir sıra işlər həyata keçirilir.

Vurğulanıb ki, ağsaqqallarımız bundan sonra da ölkəmizin inkişafı, xalqımızın rifahı naminə yorulmadan fəaliyyət göstərəcəklər.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və digər natiqlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək səviyyədə həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən, mükəmməl ordu quruculuğundan, ölkəmizdəki davamlı inkişaf prosesindən və bir sıra aktual məsələlərdən bəhs ediblər. Qeyd olunub ki, müasir dövrdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, gənclərə vətənpərvərlik hissinin aşılanması, onların hərtərəfli inkişaf etdirilməsi çox aktualdır və bu işdə ağsaqqallarımızın rolu əvəzedilməzdir.

Daha sonra təşkilati məsələlər müzakirə olunub. Nizami Rayon Ağsaqqallar Şurasının yeni əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.

Mayıl Əliyev yenidən Şuranın sədri seçilib. Konfransda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.

Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov və digər natiqlər Nizami Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və heyətini təbrik edərək, gələcək fəaliyyətlərində təşkilat üzvlərinə uğurlar arzulayıblar.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.