Xəbərlər

Qazax Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

Qazax Rayon Ağsaqqallar Şurasının növbədənkənar konfransı keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan  Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov və mətbuat katibi Rafiq Rzayev, həmçinin  icra aparatının məsul şəxsləri, Rayon Ağsaqqallar Şurasının üzvləri və rayon ziyalıları iştirak ediblər.

Konfransda əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının və Qazax Rayon Ağsaqqallar Şurasının mərhum sədri Sabir Məhərrəmovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra konfrans öz işinə başlayıb. Gündəlikdə duran əsas məsələ – Qazax Rayon Ağsaqqallar Şurasına sədrin seçilməsi müzakirəyə və səsverməyə çıxarılıb.

Səsvermə nəticəsində uzun illər Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi olmuş Mansurov Ramiz Dursun oğlu  Rayon Ağsaqqallar Şurasının sədri seçilib.

İcra başçısı Rəcəb Babaşov Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Yeni sədr haqqında səmimi ürək sözlərini çatdıran icra başçısı onun xəstəxanaya rəhbərliyi dövründə nümunəvi fəaliyyəti ilə hər zaman seçildiyini və ağsaqqal kimi rayonun ictimai həyatında yaxından iştirak etdiyini söyləyib. Şuranın sədri olaraq da ona olan etimadı, üzərinə düşən məsuliyyəti əməli işləri ilə doğruldacağına əminliyini qeyd edib.

Ölkəmizdə ağsaqqallara olan qayğının bu gün Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirildiyini bildirən Rəcəb Babaşov dövlət başçısının cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verdiyini, Azərbaycan ağsaqqallarının tariximizin bütün dövrlərində öz sözlərini dediklərini qeyd edib. Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Azərbaycan ağsaqqallarının, o cümlədən Qazax rayon ağsaqqallarının yenə də əllərindən gələnləri əsirgəmədiklərini, xalqımızın həmrəy olmasında onların vacib rolunun bir daha şahidi olduğumuzu bildirib.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov  tədbir iştirakçılarını Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin adından və öz adından salamlayıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. O,  gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

Sədr müavini Bayram Yusifov ağsaqqallara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyevin rəhbərliyi altında Ağsaqqallar Şurasının bu gün ölkəmizin inkişafına, Prezidentimizin yürütdüyü siyasətə öz dəstəyini göstərdiyini vurğulayıb. Ulu Öndər Heydər Əliyevin ağsaqqallarımız haqqında söylədiyi “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” kimi dəyərli fikrini əsas götürən ölkə başçısının bu gün də onlara olan qayğını yüksək səviyyədə davam etdirməsinin hər birimizə nümunə olduğunu qeyd edib. Azərbaycan Ağsaqqallar Şurasının da üzərinə böyük məsuliyyət düşdüyünü deyən sədr müavini bildirib ki, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləməklə, bu siyasəti regionlarda  da vətəndaşlarımıza çatdırmaq bizim vəzifələrimiz sırasındadır. Sonda sədr müavini Bayram Yusifov yeni seçilmiş sədr başda olmaqla bütün rayon ağsaqqallarına gələcək fəliyyətlərində uğurlar arzulayıb.

Qazax Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədri Ramiz Mansurov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Rayonun ictimai-siyasi həyatında şuranın üzvləri olaraq bundan sonra da fəal olacaqlarını, həyata keçirilən işlərə ağsaqqal mövqelərini bildirəcəklərini söyləyib.

Tədbirdən sonra Azərbaycan  Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Qazax Rayon Ağsaqqallar Şurasının mərhum  sədri Sabir Məhərrəmovun və Gəncə Şəhər Ağsaqqallar Şurasının mərhum sədri Xalid Qurbanovun ailələrinə baş çəkib, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin  və Şuranın İdarə Heyətinin üzvlərinin  adından doğmalarına başsağlığı verib, onlara maddi dəstək göstərib. Hər iki mərhum sədr haqqında səmimi ürək sözlərini çatdıran Bayram Yusifov onların əziz xatirələrinin daim qəlbimizdə yaşayacağını, hər zaman hörmət və ehtiramla anılacaqlarını vurğulayıb. Ailə üzvləri ziyarətə və mərhum ağsaqqallara olan bu ehtirama, göstərilən qayğıya görə Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyinə  minnətdarlıqlarını bildiriblər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.