Xəbərlər

Səbail Rayon Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilib

İyulun 4-də Səbail Rayon Ağsaqqallar Şurasının illik hesabat konfransı  keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı, professor Eldar İbrahimov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Azərbaycan Ağsaqqallar Şurasının böyük məsləhətçi-hüquqşünası Kamal Əliyev, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, həmçinin rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Konfransda torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş nitqi ilə çıxış edən  Səbail Rayon İcra Hakimiyyətinin   başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətdən, uğurlu ordu quruculuğundan, ölkəmizin bütün sahələrdə davam edən hərtərəfli inkişafından bəhs edib. O, ölkənin ictimai-siyasi həyatında ağsaqqalların daşıdığı əhəmiyyətli roldan və onların nüfuzundan söhbət açaraq bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində ağsaqqallarımızın əməyi danılmazdır. Respublika Ağsaqqallar Şurasının fəaliyyətinə uğurlar arzulayan Rayon İcra Hakimiyyətinin başçısı  qeyd edib ki, təşkilatda təmsil olunan tanınmış ziyalıların, elm, mədəniyyət və ictimai-siyasi xadimlərin dəstəyi ilə Azərbaycanda ağsaqqallıq institutunun fəaliyyəti və nüfuzu daha da yüksələcəkdir.

Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı təşkilatın illik fəaliyyəti və gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat verərək, gənclərlə aparılan maarifləndirici tədbirlərdən söz açıb. Həmçinin rayonda şəhid ailələrinin, qazilərin daim diqqət mərkəzində saxlanıldığını və ağsaqqalların da bu nəcib işlərdə yaxından iştirak etdiklərini vurğulayıb.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov ilk öncə Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin səmimi salamalarını tədbir iştirakçılarına çatdırıb. Daha sonra ümummilli lider Heydər Əliyevin ağsaqqallara verdiyi yüksək qiymətdən, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmasından bəhs edib, hazırda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallarımıza və ziyalılarımıza yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb. O, həmçinin ağsaqqalların üzərinə düşən vəzifələrdən, gənclərin xalqa, dövlətə sədaqət ruhunda, zərərli təsirlərdən uzaq olan sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara daim böyük ehtiyacın olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Hesabatın qənaətbəxş olduğunu qeyd edən Eldar İbrahimov respublikanın hər yerində olduğu kimi Səbail rayonunda da Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdə rayon ağsaqqallarının yaxından iştirak etmələrini yüksək dəyərləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən digər natiqlər ölkəmizin ictimai-mədəni həyatında ağsaqqalların səmərəli fəaliyyətindən, onların böyük nüfuza sahib olmalarından bəhs ediblər. Azərbaycanın hər bir bölgəsində yaşlı nəslin nümayəndələrinə  göstərilən yüksək diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован.