Xəbərlər

Şəhidlərimizin anım günləri, ildönümləri və Zəfər bayramına hazırlıqla bağlı tədbirlər davam edir

Azərbaycan Ağsaqqallar Şurası, onun şəhər və rayon təşkilatları dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə Anım Günü günü kimi qeyd olunan 27 sentyabr tarixindən başlayaraq ölkəmizin hər bir regionunda daha intensiv şəkildə keçirilən  şəhidlərimizin anım günləri, ildönümləri və Zəfər bayramına hazırlıqla bağlı tədbirlərdə yaxından iştirak edirlər. Bu tədbirlər hal-hazırda da davam edir.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev Anım Günü ilə əlaqədar iştirak etdiyi bir sıra digər tədbirlərlə yanaşı, Sabunçu rayonunda yaşayan şəhid ailələrinin üzvləri və qazilərlə də görüş keçirmişdir. Görüşdən əvvəl Sabunçu rayonunda şəhidlərin məzarları ziyarət olunmuş, xatirələri ehtiramla yad edilmişdir. Görüşdə Eldar Quliyev 44 gün davam edən Vətən müharibəsində şəhid və qazilərimizin unudulmaz qəhrəmanlıqlarından söz açmış,  Ali Baş Komandan  İlham Əliyevin başçılığı altında Qarabağın işğaldan azad edilməsində xalq-dövlət-ordu birliyinin mühüm rol oynadığını vurğulamışdır. 44 günlük Vətən müharibəsində iştirak edərək şücaət göstərmiş, qəhramanlıqla həlak olmuş hərbçilərin ailələrinin və  sağlamlığını itirmiş hər bir şəxsin daim dövlət qayğısı ilə əhatə olunduğunu və bundan sonra da olunacağını qeyd etmişdir. 8 Noyabr – möhtəşəm Zəfər Tariximizin ildönümü ərəfəsində olduğumuzu vurğulayan Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev əlavə etmişdir  ki,  böyük Qələbədən bir ildən də az müddət keçməsinə baxmayaraq, işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilməkdədir. Vətandaşlarımızın da şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğını təqdirəlayiq hal hesab edən Eldar Quliyev görüş iştirakçılarının sosial problemlərinin həlli istiqamətində onlarla söhbət apararaq  üzləşdikləri hər hansı çətinliklərin və ya problemlərin həlli ilə əlaqədar olaraq müraciət etmələrini və bu müraciətlərin operativ həlli istiqamətində işlərin aparılacağını bildirmişdir.

Respublikamızın bütün şəhər və rayonlarında Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları icra hakimiyyətləri və digər qurumlarla birlikdə xalqımızın qüruru və fəxri olan şəhidlərimizə anım tədbirləri keçirmiş, geniş tərkibdə (idarə heyətinin üzvləri, ərazi təşkilat sədrləri, nüfuzlu seyidlər, din xadimləri və hörmətli el ağsaqqalları) rayonun şəhidlər xiyabanını, şəhid məzarlarını ziyarət etmiş, onların  xatirəsini əbədiləşdirmək üçün qoyulmuş abidələrin, tikilmiş bulaqların, salınmış parkların açılışında iştirak etmişlər.

Anım günləri və Zəfər bayramına hazırlıqla bağlı tədbirlərdə ağsaqqallarımız əhali qarşısında şəhidlərimizin qəhrəmanlığından ətraflı danışmış, onların əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd etmişlər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Zəfərdən, şəhid ailələrinə və qazilərə göstərilən yüksək dövlət qayğısından, bu istiqamətdə indiyədək həyata keçirilən tədbirlərdən, görülən işlərdən və gələcəkdə nəzərdə tutulan planlardan ətraflı bəhs etmişlər.  O cümlədən, ağsaqqallarımız şəhidlərimizin il mərasimlərində iştirak etmiş, həmçinin, şəhid ailələri, əlillər, qazilər və Qarabağ müharibəsində xüsusi xidmətləri olan şəxslərlə görüşlər təşkil etmiş, onlara mənəvi dəstək olmuş, mövcud problemlərinin həlli ilə bağlı müvafiq orqanlar qarşısında məsələ qaldırmaları üçün köməklik göstərmişlər.

Hal-hazırda da Respublika Ağsaqqallar Şurası tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş, yaralanmış əsgər və zabitlərin ailələri, o cümlədən köməyə ehtiyacı olan, əlillikdən əziyyət çəkən xəstə insanların ailələri ziyarət olunur, onlara müəyyən yardımlar edilir. Bu istiqamətdə görülən işlərə, nəcib təşəbbüslərə öz dəstəyini əsirgəməyən Azərbaycan Ağsaqqallar Şurası bundan sonra da şəhid ailələrinə, qazilərimizə və ehtiyacı olan insanlara diqqət və qayğı göstərməkdə davam edəcəkdir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.