Xəbərlər

Şəmkir və Gədəbəydə Ağsaqqallar Şurasının rayon təşkilatlarının hesabat-seçki konfransı keçirilib

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycan Ağsaqqallar Şurası respublikamızın şəhər və rayonlarında tədbirlərini davam etdirir. Şuranın sədr müavini Bayram Yusifovun iştirakı ilə Şəmkir və Gədəbəy rayon təşkilatlarının hesabat-seçki konfransları keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla məhdud tərkibdə keçirilən bu tədbirlərdə ağsaqqallarla yanaşı rayon rəhbərliklərinin nümayəndələri və ziyalılar da iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, hər iki rayonda tədbir iştirakçıları, əvvəlcə, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Konfranslarda Vətən müharibəsində həlak olmuş şəhidlərin və ötən dövr ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Azərbaycan Ağsaqqallar Şurasının ölkənin ictimai-mədəni həyatındakı əhəmiyyətli rolundan söz açan B.Yusifov qeyd edib ki, bu gün ağsaqqalların əsas vəzifələri ulu öndər Heydər Əliyevin qurub yaratdığı, möhtərəm Prezidentimiz İlham Əliyevin daha da inkişaf etdirdiyi və möhkəmləndirdiyi milli dövlətçiliyi qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir. O bildirib ki, ölkəmizdə ağsaqqallıq institutu, ağsaqqal sözü tarix boyu xüsusi əhəmiyyət daşıyıb, dərin məna kəsb edib. Ağsaqqallar hər zaman əsrlərə söykənən dəyərli həyat təcrübələri, müdrikliyi və qiymətli məsləhətləri ilə cəmiyyətə, xüsusilə də gənclərimizə dəstək olub, insanların köməyinə çatıblar.

Tariximizə qızıl hərflərlə yazılmış möhtəşəm Zəfərdən böyük iftixar hissi ilə bəhs edən Bayram Yusifov qeyd edib ki, Azərbaycan üçün həlledici məqamlarda hər zaman xalqın önündə gedən ağsaqqallarımız 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, bu gün də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər. Ulu öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi yüksək diqqət və qayğı siyasətinin hazırda dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilməsindən söhbət açan natiq bu gün ölkədə gedən davamlı inkişaf prosesində ağsaqqalların da yaxından iştirak etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Vurğulanıb ki, hazırda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyevin başçılığı ilə təşkilat qarşıya qoyulan hədəflərə çatmaq üçün ardıcıl, məqsədyönlü və məhsuldar fəaliyyətini davam etdirir: “Şübhə yoxdur ki, Azərbaycan Ağsaqqallar Şurası bundan sonra da yüksək səylə çalışaraq bütövlükdə dövlətimizin və cəmiyyətimizin inkişafına öz töhfəsini verəcəkdir”.

Sonra çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev tədbirlərin işinə uğurlar arzulayaraq bildiriblər ki, cəmiyyətdə böyük nüfuz sahibi olan ağsaqqallar milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğ edilməsində, gənclərə düzgün yol göstərməkdə, vətənpərvərlik ruhu aşılamaqda əhəmiyyətli rol oynayırlar. Qeyd edilib ki, həm koronavirus pandemiyası ilə mübarizə zamanı, həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qələbə qazandığı Vətən müharibəsi dövründə rayon ağsaqqalları əhaliyə böyük dəstək və fədakarlıq nümayiş etdiriblər.

Daha sonra təşkilati məsələlər müzakirə olunub – yeni əsasnamələr qəbul edilib, Bilal Məmmədov Şəmkir Rayon Ağsaqqallar Şurasının, Kərəm Məmmədov isə Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Həmçinin hər iki rayon təşkilatının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.

Sonda rayonların yeni seçilmiş sədrləri, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri onlara göstərilmiş yüksək etimada görə tədbir iştirakçılarına təşəkkürlərini bildiriblər və öz potensiallarından maksimum istifadə edərək bu etimadı doğruldacaqlarına söz veriblər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.