Saatlı rayonunda Ağsaqqallar Şurasının konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki, iclas Saatlı Rayon İcra Hakimiyyətinin konfrans zalında xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla baş tutub.
Tədbirdə Respublika Ağsaqqallar Şurasının sədrinin 1-ci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov və Saatlı rayon İcra Hakimiyyəti Başçısı Elmir Bağırov iştirak edib. Tədbir ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Toplantıda Saatlı rayon İcra Hakimiyyəti başçısı Elmir Bağırov tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, Azərbaycan Ağsaqqallar Şurası cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən öhdəlikləri yerinə yetirir. Tədbirdə Respublika Ağsaqqallar Şurasının sədrinin 1-ci müavini Əhliman Əmiraslanov çıxış edərək qeyd edib ki, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasında təmsil olunan respublika ağsaqqalları ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər.
Ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb. Akademik Əhliman Əmiraslanov həmçinin Prezident İlham Əliyevin ölkənin ağsaqqal və ziyalılarını diqqətdə saxladığını, daim onlara qayğı göstərdiyindən danışıb, onun ulu öndər Heydər Əliyevin qoyduğu bu ənənəyə böyük önəm verdiyini xüsusi vurğulayıb. Tədbirdə iştirakşıları Saatlı rayonu Ağsaqqallar Şurasının yeni seçilmiş sədri Sədafər Misir oğlu Hüseynovu, İdarə Heyətinin və Təftiş Komissiyasının yeni üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.