İyun ayının 3-də Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri, Ankara Universitetinin rektoru, professor Necdət Ünüvar Respublika Ağsaqqallar Şurasında olub. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev türkiyəli qonağı qəbul edib. Qəbulda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov və Şuranın sədr müavini, millət vəkili, professor Eldar İbrahimov da iştirak ediblər.
Səmimi şəraitdə keçən görüşdə qonağa Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti barədə məlumat verilib. Şuranın nümayəndə heyətinin Türkiyə səfərindən, o cümlədən Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyyənin sabiq Baş naziri, Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırımla və digər nüfuzlu şəxslərlə keçirilən görüşlərdən bəhs edilib.
44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi hərtərəfli dəstəyə görə minnətdarlığını bildirən Eldar Quliyev vurğulayıb ki, təkcə ölkələrimiz və xalqlarımız arasında deyil, hər iki dövlətin başçıları arasında da hamıya örnək ola biləcək dostluq və qardaşlıq münasibətləri vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın bu sarsılmaz dostluq münasibətləri bütün türk dövlətləri arasında əlaqələrin inkişafına müsbət təsir göstərir.
Görüşdə, həmçinin, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin, səmərəli əməkdaşlığın bütün sahələrdə, o cümlədən təhsil sahəsində də uğurla inkişaf etdiyi vurğulanıb.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri, Ankara Universitetinin rektoru, professor Necdət Ünüvar səmimi qəbula və maraqlı görüşə görə öz minnətdarlığını ifadə edərək əmin olduğunu bildirib ki, hər iki ölkə arasındakı münasibətlərdə bir millət iki dövlət prinsipi daim öndə olacaq, Türkiyə və Azərbaycan qardaş dövlətlər kimi bütün iqtisadi və siyasi proseslərdə bir-birilərini dəstəkləyəcəklər.