Aprel ayının 28-də Nizami Rayon Ağsaqqallar Şurasının sədr müavini, hər zaman xalqına, Vətəninə bağlı olan müdrik insan, dəyərli ziyalı Vahid Hətəmovun 75 yaşı tamam olur.
Fəaliyyəti boyunca həmişə yaxşılığın keşiyində dayanan ləyaqətli, yüksək mənəviyyata malik ictimai xadim Vahid Hətəmov savab əməlləri, xoş məramlı işləri ilə insanların hörmət və sevgisini qazanıb. Sadəlik, təvvazökarlıq, dürüstlük, mərdlik kimi səciyyəvi cizgiləri xarakterində cəmləyən bir şəxsiyyət olaraq insanlarla ünsiyyət mədəniyyəti, təmkini və nikbinliyi çoxları üçün örnək sayıla bilər. Gənclik illərindən sadə zəhmətdən başlayan əmək fəaliyyəti, işgüzarlığı və bacarığı sayəsində o, daim ucalaraq bir sıra rəhbər vəzifələrdə çalışmaqla Azərbaycan dövlətinin iqtisadi və sosial tərəqqisinə mühüm töhfələr verib.
Hal-hazırda Vahid müəllim Azərbaycan Ağsaqqallar Şurasının fəal üzvü, Nizami Rayon Ağsaqqallar Şurasının sədr müavini olaraq dəyərli bir ziyalı kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı ilə xalqımıza və doğma Vətənimizə təqdirəlayiq xidmətlər göstərir, gənc nəslin milli adət-ənənələrə bağlılıq və vətənpərvərlik ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir. Əminik ki, bundan sonra da Azərbaycanımızın tərəqqisi və yüksəlişi naminə var qüvvəsi ilə çalışacaq, potensial imkanlarını əsirgəməyəcəkdir.
Səmimi insan, alicənab ziyalı Vahid Hətəmovu 75 İllik Yubileyi münasibətilə ürəkdən təbrik edir, Ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, tükənməz gənclik enerjisi, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar diləyirik!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV