Aprel ayının 8-də Bakıxanov qəsəbəsindəki 271 saylı tam orta məktəbdə Sabunçu Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Müzəffər Ali Baş Komandan – Xalq-Ordu birliyi” mövzusunda dəyirmi masa keçirilib. Müəllimlər və yuxarı sinif şagirdləri ilə yanaşı 271 saylı tam orta məktəbin məzunları olan Qarabağ qaziləri – Sabunçu Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Fəqan Dünyamalıyev, Elşən Mehrabov və Fuad Rüstəmovun da iştirak etdiyi tədbiri məktəbin direktoru Fuad Mirzəyev açaraq 2020-ci ildə torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda gedən 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm qələbədən və bu qələbənin qazanılmasında Xalq-Ordu birliyinin əhəmiyyətindən danışıb. Sabaunçu Rayon Ağsaqqallar Şurasının sədri Səməndər Məmmədov çıxışında dövlətçiliyin qorunması, 44 günlük müharibədə qələbəmizin təmin olunmasında xalqın ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi və Xalq-Ordu birliyinin böyük rol oynadığını vurğulayıb. Sabunçu Rayon Ağsaqqallar Şurası sədrinin müavini, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, 271 saylı tam orta məktəbin direktor müavinləri Rüxsarə Əlizadə və Ofeyliya Arazova da öz çıxışlarında Xalq-Ordu birliyindən, II Qarabağ müharibəsində Ordumuzun şanlı qəlbəsindən söz açıblar. Məktəbin yuxarı sinif şagirdləri İlahə Rəsulova, Türkan Kərimova, Nuray Əliyeva və başqaları vətənpərvərliklə bağlı düşüncələrini bölüşüb, bu mövzuda şeirlər səsləndiriblər.
Sonda tədbir iştirakçılarına Xalq şairi Zəlimxan Yaqubun “Qarabağ şikəstəsi” və Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun II Qarbağ müharibəsi şəhidləri və qazilərindən bəhs edən “Borçalıdan Şuşaya gedən yol” adlı kitabı hədiyyə olunub.