2023-cü il – “Heydər Əliyev İli”ndə Azərbaycan Ağsaqqallar Şurası öz fəaliyyət planı əsasında bir çox tədbirlər, görüşlər, dəyimi masalar, layihələr həyata keçirib. Şuranın şəhər və rayon təşkilatlarının üzvləri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar dekabr ayının 12-də respublikamızın bütün bölgələrində keçirilmiş tədbirlərdə yaxından iştirak ediblər.
Anım tədbirlərində Ulu Öndər Heydər Əliyevin şəhər və rayonların mərkəzlərində ucaldılmış abidələri ağsaqqallar tərəfindən ziyarət edilərək önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub. Ağsaqqallar, həmçinin, yerli sakinlərlə birgə Heydər Əliyev mərkəzlərində olublar, Ümummilli Liderin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolarla və eksponatlarla tanış olublar. Anım mərasimlərindən sonra Şuranın yerli təşkilatlarında, habelə idarə və təhsil müəssisələrində, gənclər evində digər qurumlarla birgə tədbirlər keçirilib. Bu tədbirlərdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının üzvləri 2023-cü il – “Heydər Əliyev İli”ndə görülən işlərdən, həmçinin Ümummilli Liderin zəngin irsindən, xalqımız və dövlətimiz qarşısındakı yüksək xidmətlərindən söz açıblar. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan tam azad olunaraq suverenliyimizin və ərazi bütövlüyümüzün bərpa edilməsindən, ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasətdən bəhs ediblər. Həmçinin Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının qarşısında duran vəzifələrdən danışıblar. Tədbirlər Ulu Öndər Heydər Əliyevin ruhuna verilən ehsan süfrələri ətrafında davam etdirilib.
Bölgələrlə yanaşı, paytaxt Bakıda da ağsaqqallar Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə və mərasimlərdə yaxından iştirak ediblər. Həmçinin ağsaqqallar ənənəvi olaraq hər il Ulu Öndərin anım günü ilə əlaqədar Heydər məscidində təşkil olunan böyük mərasimə də qatılıblar. Burada da Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar edilib, Qurani-Kərimdən ayələr oxunub və ehsan süfrəsi verilib.